CƏMİYYƏT


Dövlət Agentliyi hüquqi və fiziki şəxslərə növbəti dəfə xəbərdarlıq edib

Bakı, 11 aprel, AZƏRTAC

“Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” üzrə qeydə alınmış məlumatların növbəti dəfə təhlili zamanı müəyyən edilib ki, bəzi hüquqi və fiziki şəxslər aprelin 8-də edilmiş xəbərdarlıqdan nəticə çıxararaq icaze.e-gov.az portalından əsassız və lüzumsuz olan 50 minədək icazəni ləğv edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bununla belə, bir sıra hüquqi və fiziki şəxslər tərəfindən əmək və ya xidmət müqaviləsi olmadan qeydə alınmış 100 mindən çox icazənin icaze.e-gov.az portalında aktiv qalması müəyyən edilib.

Ötən müddət ərzində portal daha da təkmilləşdirilib, istifadəçilər üçün yeni funksional imkanlar yaradılıb, fiziki və hüquqi şəxslərə sistemə yerləşdirdikləri şəxslərlə olan hüquqi münasibətlərinin (əmək və xidmət müqaviləsi) konkret qeydiyyatını aparmağa şərait yaradılıb.

Hüquqi şəxslərin vəzifəli şəxslərindən və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən tələb olunur ki, aprelin 13-dək portalın yeni funksional imkanlarından istifadə edərək əvvəllər sistemə daxil etdikləri şəxslər arasından xidmət müqavilələri bağladıqları şəxslərin qeydiyyatını aparsınlar.

Hüquqi və fiziki şəxslər tərəfindən əmək müqavilələri və ya icaze.e-gov.az portalında qeydiyyatı aparılmış xidmət müqavilələri olmadan qeydə alınmış icazələr aprelin 13-dən etibarən avtomatik rejimdə ləğv ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.