CƏMİYYƏT


Dövlət Agentliyinin sədri IV “Texnofest” Festivalında iştirak edir VİDEO

İstanbul, 22 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının İstanbul şəhərində IV “Texnofest” Festivalında iştirak edir.

AZƏRTAC xəbər verir ki, 2018-ci ildən etibarən təşkil olunan “Texnofest” innovasiya, startap və texnologiya sahəsində dünyanın ən qabaqcıl tədbirlərdən hesab olunur. Festivalın keçirilməsinin əsas məqsədlərindən biri gənclərin qeyd olunan sahələrə diqqətini cəlb etmək və müvafiq istiqamətlər üzrə inkişafı təmin etməkdir.

Tədbir çərçivəsində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və "Baykar Makina" şirkətinin rəhbəri, "Türkiyə Texnologiya Komandası” Fondunun İdarə Heyətinin sədri Haluk Bayraktar tərəfindən iki sənəd imzalanıb. İlk olaraq innovasiya və texnologiya sahəsi üzrə “Bilim Bakı” mərkəzinin yaradılmasına dair Əməkdaşlıq Protokolu imzalanıb. Sözügedən Mərkəz Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin açılışı yaxın müddətdə nəzərdə tutulan növbəti "ASAN Həyat" kompleksində fəaliyyət göstərəcək. Mərkəzdə texnologiya, süni intellekt, əşyaların interneti, robototexnika və proqramlaşdırma, kibertəhlükəsizlik, enerji texnologiyaları, riyaziyyat, təbiət elmləri, astronomiya, kosmos və aviasiya və digər istiqamətlərdə təlimlər keçiriləcək.

İkinci sənəd Dövlət Agentliyi ilə "Baykar Makina" şirkəti arasında dövlət-özəl tərəfdaşlığı çərçivəsində Memorandumdur. Memoranduma əsasən Azərbaycanda innovasiya və texnologiya sahəsi üzrə birgə müəssisənin və tədqiqat-araşdırma mərkəzinin qurulması nəzərdə tutulub. Məqsəd innovativ texnoloji məhsul və avadanlıqların istehsalı və ya təkmilləşdirilməsi, sifarişlər əsasında yeni həllərin hazırlanması, həmçinin innovasiya sahəsində tədqiqat və araşdırma işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturun yaradılması, innovasiya məhsullarının ixracı sahəsində birgə layihələrin həyata keçirilməsidır.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.