İQTİSADİYYAT
Dövlət Aqrar Ticarət Şirkəti Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə protokol imzalayıb YENİLƏNİB
Bakı, 2 may, AZƏRTAC
Mayın 2-də Dövlət Aqrar Ticarət Şirkətində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) nümayəndə heyəti ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşün keçirilməsində məqsəd Dövlət Aqrar Ticarət Şirkətinin fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsi ilə bağlı Koreya təcrübəsinin öyrənilməsi, bu istiqamətdə təcrübə mübadiləsi proqramının ilkin hazırlıq işlərinin görülməsi olub.
Əvvəlcə koreyalı qonaqlar şirkətin həyata keçirdiyi “Kənddən Şəhərə” layihəsi çərçivəsində eyniadlı satış mərkəzi ilə tanış olublar. Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova qonaqlara layihənin məqsədi və görülən işlər barədə məlumat verib.
Daha sonra KOICA-nın nümayəndəsi İn Şik Nam iki qurum arasında əməkdaşlıq çərçivəsində görüləcək işlərlə bağlı təqdimat keçirib.
KOICA-nın ölkə üzrə direktoru Park Kumok və Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova hər iki qurum arasında əməkdaşlığı rəsmiləşdirən iclasın protokolunu imzalayıblar.
İmzalanmış sənədi şərh edən L.Məmmədova bildirib ki, KOICA ilə əldə olunmuş razılıq nəticəsində ölkəmizdə keyfiyyətli ərzaq və kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində daha bir beynəlxalq təcrübə tətbiq olunacaq: “Əldə olunmuş razılığa əsasən, qarşıdakı 3 il ərzində ərzaq və kənd təsərrüfatı məhsullarının tədarükü və təchizatı sistemi, ərzaq istehsalı, emalı və bölüşdürülməsi, ölkəmizdə ərzaq tədarükü və təchizatı sisteminin təhlükəsiz və keyfiyyətli idarə edilməsi sahəsində Koreya təcrübəsinin öyrənilməsi nəzərdə tutulub. Bundan əlavə olaraq, ölkəmizdə elektron tədarük sisteminin təkmilləşdirilməsində Koreya təcrübəsinin öyrənilməsi və tətbiqi həyata keçiriləcək. Razılığa əsasən, bizim əməkdaşlarımız Koreyaya səfər edəcək və bu sistemin yerində necə işləməsi ilə əyani tanış olacaqlar. Hər il 10 əməkdaşımız Koreyada təlimlərdə iştirak edəcək, eyni zamanda, koreyalı mütəxəssislər bu sahədə mütəmadi olaraq məlumatlandırma və müşavirlik fəaliyyətini həyata keçirəcəklər”.