Dövlət Arxivinin Lənkəran filialında LDU-nun tələbələri üçün açıq dərs-ekskursiya keçirilib
AzerTAg.az
Bakı, 12 may, AZƏRTAC
Dövlət Arxivinin Lənkəran filialında Lənkəran Dövlət Universitetinin (LDU) “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin iştirakı ilə açıq dərs-ekskursiya keçirilib.
Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, filialın direktoru Rəfail Rzayev tələbələr qarşısında çıxış edərək sahə üzrə normativ hüquqi aktların tələblərini, dövlət arxivlərinin əsas iş qaydalarını dinləyicilərə izah edib, sənədlərin mühafizəsi, uçotu, komplektləşdirilməsi, istifadəsi, rəqəmsallaşdırılması və göstərilən elektron xidmətlər haqqında məlumat verib.
Eyni zamanda, tələbələrə Dövlət Arxivinin Lənkəran filialı və onun əhatə etdiyi Astara, Lerik, Yardımlı və Masallı rayon dövlət arxivləri haqqında məlumat verilib.
Sonra sənədlərin mühafizəsi şəraiti əyani olaraq tələbələrə nümayiş etdirilib.


Xəbərin mətnində orfoqrafik səhv var