İQTİSADİYYAT
Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən 60 avtonəqliyyat vasitəsi sərnişinlərin daşınmasında xidmət göstərir
Bakı, 4 iyul, Elvin Camalov, AZƏRTAC
Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən 60 avtonəqliyyat vasitəsi sərnişinlərin daşınması üçün xidmət göstərir.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.
Bildirilib ki, dünən axşam saatlarından metronun “Koroğlu” stansiyası ətrafından sərnişinlərin gediş-gəlişini təmin etmək üçün Bakıətrafı qəsəbələrə DANX-ın tapşırığı ilə əlavə avtonəqliyyat vasitələri cəlb edilib. Hazırda 24 əlavə avtonəqliyyat vasitəsi “20 Yanvar” və “Avtovağzal” metro stansiyası üzrə sərnişin axınını nizamlamaq üçün Bakı Nəqliyyat Agentliyi (BNA) ilə birgə gücləndirilmiş qaydada sərnişinlərin daşınmasını təşkil edir.
Bakı Beynəlxalq Avtovağzal Kompleksi öz növbəsində regionlara daşımaları həyata keçirən daşıyıcı şirkətlərə müraciət edərək 12 avtonəqliyyat vasitəsini əlavə olaraq DANX-a təqdim edib. DANX-ın xüsusi təyinatlı nəqliyyat vasitələri sərnişinlərin daşınması üçün BNA və Dövlət Yol Polisi ilə birgə sıxlığın müşahidə olunduğu ərazilərdə xidmət edirlər. Ümumilikdə şəhərlərarası daşımada iştirak edən daşıyıcıların iştirakı ilə DANX tərəfindən bu saata qədər 60 avtonəqliyyat vasitəsi əlavə olaraq xidmət üçün səfərbər edilib. Ehtiyac olarsa avtonəqliyyat vasitələrinin sayı artırılacaq. Xüsusi olaraq qeyd edək ki, sıxlığın ən çox müşahidə olunduğu ərazilər “Neftçilər”, “Əhmədli”, “20 Yanvar” metro stansiyalarının qarşısıdır. Həmin istiqamətlərdə əlavə nəqliyyat vasitələri xidmət edir.