İQTİSADİYYAT
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə Regional Şöbəsində “Qaynar xətt” yaradılıb
Bakı, 8 fevral, Elvin Camalov, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Gəncə Regional Şöbəsində (022) 257-76-85 nömrəli “Qaynar xətt” istifadəyə verilib.
DANX-dan AZƏRTAC-a bildirilib ki, “Qaynar xətt” xidməti yol hərəkəti iştirakçılarının sorğuları, şikayətləri və təkliflərini qəbul etmək məqsədilə yaradılıb. Saat 09:00-dan 18:00-a kimi fəaliyyət göstərəcək “Qaynar xətt”ə daxil olan müraciətlər araşdırılaraq aidiyyəti üzrə yönləndiriləcək və müvafiq tədbirlərin görülməsi təmin olunacaq.
Gəncə Regional Şöbəsinin xidməti ərazilərinin Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Samux, Göygöl və Goranboy rayonlarını əhatə etməsi səbəbindən həmin ərazilərdən də müraciətlər sözügedən “Qaynar xətt” vasitəsilə qəbul ediləcək.
Sərnişinlərin haqlı narazılığına səbəb olan süni qiymət artımı, sürücülərin sükan arxasında siqaret çəkməsi, kobud davranması, dayanacaqdan kənar saxlanma, sürət həddinin aşılması və bu qəbildən olan digər problemlərlə bağlı müraciətlər zamanı avtonəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı, marşrut xəttində xidmətdə olan avtobusun nömrəsi və faktiki zaman haqqında məlumatların verilməsi araşdırmanın daha operativ təmin olunmasına kömək edəcək. Müvafiq müraciətlər bütün regionlar üzrə lokal operativ xətlər vasitəsilə onların qəbulu tam təmin edilənə qədər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “1655” Çağrı mərkəzi və DANX-ın (012) 562-67-58 nömrəli “Qaynar xətt”i vasitəsilə qəbul olunacaq.