SİYASƏT
Dövlət Bahçeli: Azərbaycan öz Ordusunun üstünlüyü sayəsində beynəlxalq aləmdə rəğbət qazanıb VİDEO
Ankara, 17 noyabr, AZƏRTAC
Sona qədər Azərbaycanın yanında olacağımızı bir daha açıq şəkildə söyləmək istəyirəm. Diləyimiz Qarabağın işğalçılardan tamamilə təmizlənməsi, təcavüzkar Ermənistanın Vətən torpağımızın hər qarışından çıxmasıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli qurumun Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında ifadə edib.
Noyabrın 10-da imzalanan atəşkəs bəyanatı, sonrakı proseslərlə bağlı fikir və mülahizələrini bölüşən MHP sədri Dövlət Bahçeli deyib: “Azərbaycan uğurlu əks-hücum əməliyyatları nəticəsində siyasi müstəvidə üstünlük uğur qazandı, qlobal və regional prosesləri müdrikcəsinə dəyərləndirdi, Ordusunun taktiki üstünlüyü sayəsində beynəlxalq aləmdə rəğbət qazandı. Bu mübarizədə əl-ələ verən Türkiyə və Azərbaycan iki dövlət, tək ürək olaraq zülmü devirdilər”.
Ötən 28 ildə Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişin olmadığını xatırladan partiya sədri cəbhədə qazanılan Qələbəni zəfər hekayəsi kimi dəyərləndirib, partiyasının Türkiyə parlamentində Azərbaycana əsgər göndərilməsi barədə qərar layihəsinə tam dəstək verəcəklərini vurğulayıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara