SİYASƏT
Dövlət Bahçeli: İşğalçı Ermənistan haqsızdır, terrorçudur VİDEO
Ankara, 27 oktyabr, AZƏRTAC
Azərbaycan Dağlıq Qarabağı, işğal altındakı torpaqlarını qəhrəmanlıqla qarış-qarış azad etməkdədir. Qarabağ Azərbaycandır! İşğalçı Ermənistan haqsızdır, terrorçudur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli partiyanın Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında ifadə edib.
Ermənistanın atəşkəs qərarlarına əməl etmədiyini, hər dəfə qorxaqcasına arxadan zərbə vurduğunu, mülki və günahsız azərbaycanlıları qətlə yetirdiyini diqqətə çatdıran MHP sədri deyib: “Bir tərəfdən atəşkəs, dialoq və müzakirə çağırışı edən ölkələrin digər tərəfdən Ermənistana silah yardımı göstərməsi tarixin şahidlik etdiyi ən dəhşətli ikiüzlülükdür. Azərbaycana sülh mesajı verənlərin arxada Ermənistana “vur” deməsi zülmün oyunudur”.
Azərbaycanın apardığı əks-hücum əməliyyatlarının zəfərlə başa çatacağına əminliyini ifadə edən partiya sədri deyib ki, Dağlıq Qarabağ Azərbaycanın öz torpağıdır və mütləq işğaldan azad ediləcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara