QAN YADDAŞI
Dövlət Bahçeli: Xocalıda axan qanın hesabının cəlladlardan soruşulması tarixi məcburiyyətdir VİDEO
Ankara, 25 fevral, AZƏRTAC
Xocalı soyqırımı beynəlxalq insan haqları məhkəmələri kimi, hüquqi qurumlar tərəfindən tanınmalı və günahkarlara tələb olunan cəzalar verilməlidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli partiyanın Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında ifadə edib.
Xocalı soyqırımının dəhşətlərindən danışan partiya sədri diqqətə çatdırıb ki, keçmiş Sovet İttifaqının süqutundan sonra saxta “böyük Ermənistan” xəyalı ilə yaşayan Levon Ter-Petrosyan türk düşmənçiliyini yeni bir mərhələyə gətirərək müasir dünyanın gözü qarşısında Dağlıq Qarabağın işğalı siyasətini yürütdü. Azərbaycan ərazisinin beşdəbirini işğal edən Ermənistan hələ də qədim türk yurdundan geri çəkilməyib və hərbi işğala son qoymaq niyyətində deyil.
Partiya sədri deyib ki, 28 il əvvəl Xocalıda soyqırımı aktı həyata keçirilib. Bu soyqırımı törədənlər hələ də cəzalarını almayıblar. Saxta “erməni soyqırımı” anlayışını Türkiyəyə qarşı siyasi və diplomatik təhdid vasitəsinə çevirən ölkələrin ədalətə az da olsa sayğıları varsa, insan haqlarına cüzi də olsa bağlılıqları varsa, Xocalıda axan qanın hesabının cəlladlardan soruşulması tarixi məcburiyyətdir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara