ELM VƏ TƏHSİL
Dövlət Bayrağı Günü AzMİU-da fərqli qeyd olunub
Bakı, 9 noyabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri xalqımızın tarixində mühüm yer tutan 9 noyabr - Dövlət Bayrağı Gününü fərqli formada qeyd ediblər.
AZƏRTAC xəbər verir ki, Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb.
Sonra tələbələr ermənilər tərəfindən işğal olunmuş rayonlarımıza həsr olunmuş slaydları “Qarabağ Azərbaycandır!” devizi altında iştirakçılara təqdim ediblər. Slaydlarda işğal altında olan rayonlar haqqında (tarixi, ərazisi, əhalisi, əhalinin məşğulluq sahələri, tarix-mədəniyyət abidələri və s.) geniş məlumatlar verilib, mənfur düşmənlərimizin dövlətə və vətəndaşlara vurduqları maddi-mənəvi ziyanlardan danışılıb.
Təqdimatdan sonra səhnədə Azərbaycan bayrağı dalğalandırılıb, “İşğal olunmuş bu torpaqlar bizimdir!”, “Qarabağ Azərbaycandır!”, “Qarabağda dalğalan, bayrağım!” kimi şüarlar səsləndirilib, Qələbə gününün uzaqda olmamasına əminlik ifadə edilib.