SİYASƏT
Dövlət Bayrağı Günü Macarıstanın paytaxtı Budapeştdə də qeyd olunub VİDEO
Budapeşt, 10 noyabr, AZƏRTAC
Noyabrın 9-da Azərbaycanın Macarıstandakı səfirliyinin təşkilatçılığı ilə paytaxt Budapeştin əsas küçələrindən biri olan Andraşi prospektində yerləşən Yunus Əmrə İnstitutunun binası Azərbaycan və Türkiyə bayraqlarının rəngləri ilə işıqlandırılıb, hər iki dövlətin himnləri səsləndirilib. Binanın işıqlandırılması səhərədək davam edib.
AZƏRTAC xəbər verir ki, Macarıstandakı Azərbaycan diasporunun nümayəndələri və Budapeştdə təhsil alan azərbaycanlı gənclərin qatıldığı tədbir mərkəzi küçədən keçən paytaxt sakinlərinin də marağına səbəb olub, onlara ölkəmizin 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəsi barədə ətraflı məlumat verilib.
Mərasimdə iştirak edən səfir Tahir Tağızadə və Yunus Əmrə İnstitutunun direktoru Mustafa Aydoğdu ölkələrimiz arasındakı qardaşlıq əlaqələrinin və “Bir millət, iki dövlət” tezisinin əhəmiyyətini bir daha vurğulayıb, bundan sonra da qarşılıqlı əməkdaşlığın və birgə fəaliyyətin davam etdiriləcəyini bildiriblər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsüsi müxbiri
Budapeşt