REGİONLAR
Dövlət Bayrağı Günü bölgələrdə təntənəli surətdə qeyd olunur
İmişli, 8 noyabr, Mahir Babayev, AZƏRTAC
İmişli rayonundakı Heydər Əliyev Mərkəzində Dövlət Bayrağı Günü ilə bağlı təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, bayram tədbirində rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev məruzə edib. Qeyd olunub ki, üçrəngli bayrağımız dövlət rəmzi kimi Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul edilib. Lakin 1920-ci ildə Xalq Cümhuriyyətinin süqutu nəticəsində üçrəngli bayrağımız da dəyişdirilib. Yetmiş ildən sonra ilk dəfə Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan MSSR Ali Soveti müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızı muxtar respublikanın dövlət bayrağı elan edib və bununla da ölkədə gedən proseslərə güclü təkan verilib. 1991-ci il fevralın 5-də isə Azərbaycan Ali Sovetinin qərarı ilə üçrəngli və ay-ulduzlu bayraq yenidən dövlət bayrağı elan edilib.
Tədbirdə vurğulanıb ki, ötən əsrin 90-cı illərində müstəqilliyinə yenicə qovuşan Azərbaycan onu itirmək təhlükəsindən Heydər Əliyevin dühası ilə xilas olub və müasir inkişaf yoluna çıxıb. Qısa müddətdə dünyada Azərbaycana etimad yaranıb, beynəlxalq layihələr imzalanıb, dövlətçiliyimizə və müstəqilliyimizə yönələn cəhdlərin qarşısı qətiyyətlə alınıb.
Çıxışlarda respublikamızın bölgələrində, o cümlədən İmişlidə həyata keçirilən geniş abadlıq-quruculuq işlərindən də söhbət açılıb.
X X X
Şirvanda 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə keçirilən bayram tədbiri ulu öndər Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb.
AZƏRTAC xəbər verir ki, sonra şəhər icra hakimiyyəti qarşısından yüzlərlə sakin, idarə, müəssisə və təşkilatların kollektivləri, məktəblilər Dövlət Bayrağı Meydanına yürüş ediblər.
Bayraq meydanında keçirilən tədbirdə şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov üçrəngli bayrağımızın tarixi haqqında məlumat verib. İkinci dəfə istiqlalına qovuşan Azərbaycanın müstəqillik tarixində Ümummilli Liderin əvəzsiz xidmətlərini diqqətə çatdıran natiq bildirib ki, məhz Ulu Öndərin qətiyyəti ilə ilk dəfə üçrəngli bayrağımız Naxçıvanda dalğalandırılıb.
Tədbirdə Prezident İlham Əliyevin liderliyi ilə qlobal iqtisadi və regional layihələrin müəllifi olan ölkəmizin sürətli inkişafından da bəhs edilib. Belə bir əminlik ifadə olunub ki, ölkəmizin artan iqtisadi və hərbi qüdrəti sayəsində ərazi bütövlüyümüz tezliklə bərpa ediləcək, üçrəngli bayrağımız doğma Qarabağda, Şuşada, Xankəndidə dalğalanacaq.
Sonra tədbir iştirakçıları məktəblilərin dövlət bayrağımıza həsr etdikləri əl işlərindən ibarət sərgi ilə tanış olub, musiqi məktəbinin şagirdlərinin ifasında Vətənimizi, bayrağımızı vəsf edən şeir və mahnıları dinləyiblər.
X X X
Noyabrın 8-də Biləsuvar rayonundakı Heydər Əliyev Parkında rayon icra hakimiyyəti, gənclər və idman idarəsinin təşkilatçılığı ilə Dövlət Bayrağı Gününə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.
Üçrəngli bayrağımızın tarixi haqqında məlumat verən rayon icra hakimiyyəti başçısının müavini Xəyalə Qəmbərova dövlət bayrağımızın hər bir azərbaycanlının qürur mənbəyi olduğunu vurğulayıb. Müstəqillik tariximizə nəzər salan natiq bildirib ki, Ümummilli Liderin xilaskarlıq missiyası Azərbaycanı müasir inkişaf yoluna çıxarıb. Ulu Öndər regionların inkişafını prioritet hesab edirdi. Bu siyasət bu gün də uğurla aparılır. Prezident İlham Əliyevin strateji hədəf kim qarşıya qoyduğu bu xətt Biləsuvarın simasında da özünü aydın göstərir.
Bayram tədbiri məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib.