CƏMİYYƏT
Dövlət Bayrağı Günü münasibətilə Siyəzən rayonunda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
Bakı, 8 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkili tövsiyə edilib.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, dövlətimizin başçısının tövsiyənin icrası çərçivəsində Dövlət Bayrağı Günü münasibətilə həyata keçirilən tədbirlərin davamı olaraq, noyabrın 8-də Kollegiyanın təşəbbüsü ilə Siyəzən rayonunda aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilib.
Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edən Vəkillər Kollegiyasının üzvləri 20-dən çox vətəndaşa müxtəlif növ hüquqi yardım göstərib, onların problemləri ilə tanış olublar. Vətəndaşlara müvafiq məsləhətlər verilib, həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazılıb.
Tədbirdə iştirak edən Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, Vəkillər Kollegiyasının sədr müavini Pərviz Ələkbərov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri də vətəndaşların problemləri ilə maraqlanıblar.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası bu cür tədbirləri respublikanın digər regionlarında da təşkil edəcək.