REGİONLAR
Dövlət Baytarlıq Xidməti Gürcüstanla həmsərhəd rayonlara nodulyar dermatit xəstəliyi əleyhinə vaksin göndərib
Bakı, 15 avqust, AZƏRTAC
Dünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına görə, Gürcüstanın Samtsxe-Cavaxetiya regionunda qaramal arasında iti yoluxucu nodulyar dermatit xəstəliyinin yayılması qeydə alınıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, xəstəliyin ölkəmizə keçməsinin qarşısını almaq məqsədilə Dövlət Baytarlıq Xidməti qonşu ölkə ilə həmsərhəd rayonların hər birinə nodulyar dermatit xəstəliyi əleyhinə 15 min doza miqdarında əlavə vaksin göndərib. Artıq vaksinlər Qazax, Ağstafa, Tovuz və Balakən rayonlarına çatdırılıb. Bundan əlavə, heyvanların kütləvi satışı həyata keçirilən Bərdə rayonuna da nodulyar dermatit xəstəliyi əleyhinə əlavə vaksin göndərilib.
Qeyd edək ki, 2018-ci ilin ilk 7 ayı ərzində Dövlət Baytarlıq Xidməti tərəfindən ölkə ərazisində iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı 2442699 baş iribuynuzlu heyvanda peyvəndləmə aparılıb və epizootik sabitlik qorunub.
Hazırda respublikada iti yoluxucu xəstəliklərə, o cümlədən nodulyar dermatit xəstəliyinə görə epizootik vəziyyət sabitdir.