REGİONLAR


Dövlət Baytarlıq Xidməti: Respublikada Şmallenberq xəstəliyinə görə epizootik vəziyyət sabitdir

Bakı, 26 iyul, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bildirir ki, respublikada Şmallenberq xəstəliyinə görə epizootik vəziyyət sabitdir.

Nazirliyin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Şmallenberq virusu ilk dəfə 2011-ci ilin avqust ayında Almaniyada iribuynuzlu heyvanlar arasında aşkar edilib. Virusun adı xəstəliyin ilk dəfə aşkar olunduğu Şmallenberq şəhərinin adı ilə bağlıdır. Bu virus bunyavirus (Bunyaviride) ailəsinə aiddir.

Şmallenberq xəstəliyi iri və xırdabuynuzlu heyvanlarda mədə-bağırsaq pozulması, hərarətin yüksəlməsi, doğulmuş balaların tələf olması və ya qüsurlu, ölü bala doğulması, habelə balasalmalarla müşayiət edilir. Məhsuldar heyvanlarda süd məhsulunun kəskin azalması ilə müşayiət olunur.

Xəstəlik ağcaqanadlar, mığmığalar və digər qansoran həşəratlar vasitəsilə yayılır.

Müəyyən olunub ki, yaşından asılı olmayaraq xəstəlik iribuynuzlu heyvanlar və qoyun-keçilər arasında geniş yayılıb. İnsanların bu virusa yoluxması haqqında hələlik məlumat yoxdur, lakin potensial riski nəzərə alaraq, Avropada hamilə qadınlara heyvanların balalama dövründə onlarla ünsiyyətdə olmaq məsləhət görülmür.

Xəstəliyin əsas klinik əlamətləri qeyri-spesifik olur. İribuynuzlu heyvanlar tez bir zamanda süst vəziyyət alır, iştahası zəif olur, onlarda vaxtından əvvəl doğuş başlayır, heyvanların bir hissəsi ölür, sağım çox aşağı düşür, boğazlığın axırıncı dövrlərində balasalma baş verir və ya ölü bala doğulur. Xəstəliyin törədicisi yoluxmuş boğaz heyvanların balasında anomaliyalara səbəb olur. Bəzi heyvanlar diri bala doğsa belə sinir pozğunluqları ilə müşayiət olunan ataksiya (əzələ zəifliyi), süstlük, əmə bilməmək, oynaqların eybəcərliyi, başın deformasiyası və s. simptomlar müşahidə edilir.

Qoyunlar xəstəliyi daha ağır keçirir, ana qoyunlar arasında ölüm çoxalır. Doğulan balalar arasında oynaqlarda şişkinlik, eybəcərlik, balada boyunun qatlanması və digər hallar müşahidə olunur, 20-70 faizə qədər ölüm müşahidə edilə bilər. Xəstəliyin simptomları vektorların (daşıyıcıların) aktiv olduğu vaxtlarda müşahidə edilir.

İlk növbədə, xəstəliyə diaqnoz qoyulduqdan sonra ümumi baytarlıq-sanitariya işləri aparılmalı, təsərrüfata yeni heyvanların gətirilməsinə diqqət yetirilməlidir. Yeni alınmış heyvanlar karantin müddətində yoxlanılmalıdır. Ölən heyvanlar yandırılmaqla zərərsizləşdirilməlidir. Xəstə heyvanlar keyfiyyətli və vitaminlərlə zəngin yemlərlə yemlənməli, təsərrüfatda dezinseksiya tədbirləri aparılmalıdır. Xüsusilə də qansoran həşəratlara qarşı tədbirlərin aparılması vacibdir. Xəstə heyvanların çıxdaş edilərək təsərrüfatdan çıxarılması məqsədəuyğun deyil.

Şmallenberq xəstəliyinin spesifik müalicəsi və profilaktik vasitəsi (vaksini) yoxdur. Müalicə yalnız simptomatik əlamətlərə görə aparılır.

Dövlət Baytarlıq Xidməti bildirir ki, respublikada iti yoluxucu xəstəliklərə, o cümlədən şmallenberq xəstəliyinə görə epizootik vəziyyət sabitdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.