REGİONLAR


Dövlət Baytarlıq Xidmətinin rəisi Ucar və Samuxda profilaktiki peyvəndləmə işləri ilə tanış olub

Bakı, 6 avqust, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi Bayandur Rzayev Ucar və Samux rayonlarında heyvan xəstəliklərinə qarşı aparılan profilaktiki peyvəndləmə işləri ilə tanış olub. Səfər, həmçinin aparılan peyvəndləmə prosesinin şəffaflığına nəzarəti təmin etmək və qurulması nəzərdə tutulan BSL-1 səviyyəli baytarlıq laboratoriyaları üçün tələb olunan şəraitlə tanış olmaq məqsədi daşıyıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Bayandur Rzayev baytarlıq idarələrinin diaqnostik kabinetlərinə, soyuducu kameralarına və digər inzibati bölmələrinə baxış keçirib, idarələrin maddi-texniki təminatı, baytarlıq kadrlarının təhsil səviyyəsi və epizootik tədbirlər planında nəzərdə tutulan iti yoluxucu xəstəliklərə qarşı aparılan peyvəndləmə tədbirlərinin nəticələri ilə yaxından tanış olub.

Dövlət Baytarlıq Xidmətinin rəisi səfər çərçivəsində keçirilən görüşlərdə heyvanların sağlamlıq vəziyyətinə dair aparılan baytarlıq tədbirlərinin keyfiyyəti, ölkənin epizootik sabitliyinin qorunması, heyvanların cins tərkibinin yaxşılaşdırılması, yeni innovasiyaların tətbiqi, müasir heyvandarlıq komplekslərinin yaradılması və genişləndirilməsi barədə danışıb. O bildirib ki, bölgələrə səfərin əsas məqsədlərindən biri də qurulması nəzərdə tutulan BSL-1 səviyyəli baytarlıq laboratoriyalarının şəraiti, yerlərdə çalışan baytarlıq mütəxəssislərinin təminatı və təhsil səviyyələri, eləcə də baytarlıq idarələri tərəfindən aparılan müalicə-profilaktika və dezinfeksiya tədbirləri ilə yerində tanış olmaq və dövlət tərəfindən verilən peyvənd vasitələrinin “soyuq zəncir” prinsipinə uyğun yerlərə çatdırılaraq şəffaf formada heyvanlara tətbiqinə nəzarət etməkdir.

Səfər çərçivəsində Bayandur Rzayev Samux rayonunda yerləşən qoyunçuluq və iribuynuzlu heyvanların kökəltmə təsərrüfatında olub, heyvanların saxlama və yemləmə şəraiti, müxtəlif xəstəliklərə qarşı aparılan peyvəndləmə təbirləri ilə tanış olub, təsərrüfat sahibləri ilə görüşüb.

B.Rzayev təsərrüfat sahiblərinin müraciətlərini, arzu və təkliflərini dinləyib, heyvanların sağlamlığının təmin edilməsi ilə bağlı müvafiq tövsiyələr verib, eləcə də dezinfeksiya və dezinseksiya tədbirlərinin aparılmasının önəmli olduğunu qeyd edib.

Xidmət rəisi, həmçinin fermerlərin müraciətlərinin sahə baytarlıq məntəqələri və baytarlıq idarələri tərəfindən qəbul edilərək, çevik və operativ cavablandırılmasının vacibliyini vurğulayıb.

Görüşlərdə xidmət tərəfindən həyata keçirilən baytarlıq tədbirləri, gənc kadrların işlə təminatı məsələləri müzakirə olunub, əməkdaşların istək və arzuları dinlənilib. Həmçinin respublikanın epizootik sabitliyinin saxlanılması sahəsində yerlərdə görüləcək tədbirlər barədə baytarlıq idarələrinə müvafiq tapşırıq və göstərişlər verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.