İQTİSADİYYAT


Dövlət Dəniz Agentliyi xüsusi təhlükəli hidrometeoroloji durumla bağlı müvafiq tədbirlər görüb

Bakı, 8 yanvar, AZƏRTAC

Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi xüsusi təhlükəli hidrometeoroloji durumla bağlı müvafiq tədbirlər görüb.

Dövlət Dəniz Agentliyindən AZƏRTAC-a bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə xüsusi təhlükəli hidrometeoroloji durum haqqında məlumat daxil olub. Məlumatda bildirilir ki, yanvar ayının 9–u günün ikinci yarısından yanvarın 10–nu gündüzədək Xəzər dəniz akvatoriyasında şimal-qərb, şimal küləyinin sürəti saniyədə 19-24 metr, arabir saniyədə 27-32 metr, açıq dənizdə arabir saniyədə 35 metrədək güclənəcək. Dalğanın hündürlüyünün isə 2-4 metr, sonrakı inkişafda 6-8 metrədək olması gözlənilir.

Daxil olan məlumatlar təcili olaraq Milli Mərkəzin mütəxəssisləri tərəfindən təhlil edilib və müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı Milli Mərkəz tərəfindən təlimatlandırılıb.

Milli Mərkəz, eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi növbə xidmətləri ilə qarşılıqlı məlumat mübadiləsi həyata keçirib.

Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə NAVTEX və digər rabitə əlaqəsi vasitəsilə hidrometeoroloji durumla bağlı məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib. Bununla yanaşı dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar hidrometeoroloji durumla bağlı məlumatlandırılıb.

Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindən Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin cavabdehlik ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.