İQTİSADİYYAT
Dövlət Dəniz Agentliyinin nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri ilə görüşüb
Bakı, 10 dekabr, AZƏRTAC
“Beynəlxalq Dəniz Təşkilatının 70 illiyi”nə həsr olunan tədbirdə və “Dəniz Təhlükəsizliyi Komitəsinin 100-cü sessiyası”nda iştirak edən Azərbaycan nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri, bir sıra üzv dövlətlərin nümayəndə heyətləri ilə mühüm görüşlər keçirib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinə agentliyin direktoru Qüdrət Qurbanov rəhbərlik edib.
Tədbirə dəvət olunan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının şahzadəsi Anna Elizabet Alisa Luiza sessiya iştirakçılarına uğurlar arzu edib, dəniz nəqliyyatı sahəsində Beynəlxalq Dəniz Təşkilatının həyata keçirdiyi səmərəli fəaliyyəti yüksək qiymətləndirib. Onun sözlərinə görə, Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsi bu mötəbər təşkilatın əsas komitələrindən biri hesab olunur.
Sessiyada dənizdə təhlükəsizliyin artırılmasına dair tədbirlər, nəzarət tələb olunmadan idarə edilən gəmilərin istifadə edilməsi üzrə tənzimləyici qaydalar, yeni inşa edilən gəmi standartları, qütb sularında istismar edilən və “Dənizdə insan həyatının mühafizəsinə dair” Beynəlxalq Konvensiyanın tələbləri tətbiq olunmayan gəmilər üçün təhlükəsizlik tədbirləri, dəniz mühitinin çirklənməsinin qarşısının alınması ilə bağlı fəaliyyət, gəmi sistem və avadanlığı, insan faktoru, təlim və növbəçəkmə, yüklərin və konteynerlərin daşınması, BDT-nin sənədlərinin tətbiq olunması, dəniz nəqliyyatı sahəsində yeni tədbirlərin həyata keçirilməsi üçün potensial imkanların artırılması, gəmilərə qarşı yönəlmiş quldurluq və silahlı basqın, dənizlə təhlükəli miqrant keçidi müzakirə olunub.
Sessiyada, yeni gəmilərin inşa edilməsinə dair standartların tətbiqi ilə bağlı Beynəlxalq Dəniz Təşkilatının “Türk Loydu”nda apardığı yoxlamanın nəticələri müzakirə edilib. Yoxlama ilə əlaqədar Türkiyə tərəfinin təqdim etdiyi sənədə Azərbaycan nümayəndə heyətinin rəhbəri tərəfindən yüksək dəstək nümayiş olunub. Müzakirələrdən sonra “Türk Loydu”nun standartlara uyğun fəaliyyəti sessiya iştirakçılarının səs çoxluğu ilə qəbul edilib.
Sessiya zamanı dəniz üzgüçülüyü təhlükəsizliyinin təmin edilməsi sahəsində üzv dövlətlərin və təşkilatların təklifləri, təqdim olunan sənədlər nəzərdən keçirilib.
Azərbaycan nümayəndə heyətinin Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri, sessiyaya qatılmış bir sıra üzv dövlətlərin nümayəndə heyətləri ilə keçirdiyi ikitərəfli görüşlərdə son illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş, çevik və qətiyyətli iqtisadi siyasəti sayəsində Azərbaycanın beynəlxalq aləmdə yeni-yeni uğurlara imza atdığı, iqtisadiyyatımızın bütün sahələri kimi dəniz nəqliyyatı sahəsinin ölkəmizdə inkişaf etdirilməsinin diqqət mərkəzində olduğu vurğulanıb.
Görüş zamanı qarşılıqlı əməkdaşlığın daha səmərəli və effektiv həyata keçirilməsi, habelə dəniz nəqliyyatı sahəsi ilə bağlı ölkəmiz üçün əhəmiyyətli olan bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sessiya zamanı “Beynəlxalq Dəniz Medalı” və “Dənizdə göstərdiyi şücaətə görə Medalı” sahiblərinə təqdim olunub.
Sessiyanın sonunda 2019–cu il üçün sədr və sədr müavinləri seçilib.