İQTİSADİYYAT


Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzinə media-tur təşkil olunub

Bakı, 18 iyul, Elvin Camalov, AZƏRTAC

İyulun 18-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Azərbaycan Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzinə media-tur təşkil olunub.

AZƏRTAC xəbər verir ki, media turda jurnalistlərə Təlim Tədris Mərkəzinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin əmrinə əsasən dənizdə işləyən mütəxəssislərin hazırlanması və sertifikatlaşdırılması haqqında beynəlxalq standartların tələbləri nəzərə alınaraq yaradıldığı bildirilib. Mərkəzdə Dənizçilərin Sertifikatlaşdırılması üçün təlimlərin keçirilməsi, onların təcrübi məşğələləri və qiymətləndirilməsi xidmətləri göstərilir.

Təlim Tədris Mərkəzi ən son model trenajor və dənizçilik avadanlıqları ilə təchiz edilmiş müasir auditoriyalardan ibarət iki mərtəbəli inzibati binada fəaliyyət göstərir.

Təlim Tədris Mərkəzinin məqsədi DHDNÇ-78 əlavələr edilmiş Beynəlxalq Konvensiyaya uyğun olaraq, Beynəlxalq Dəniz Təşkilatının Model Kursları əsasında komanda heyəti və sıravi heyət üçün xüsusi təlim kursları, habelə ixtisasartırma və yenidən hazırlıq kurslarını yüksək keyfiyyətlə və təhlükəsiz şəkildə təşkil edilməsini təmin etməkdən ibarətdir.

Mərkəzin missiyası dənizçilərin və dənizdə işləyən heyətin peşəkarlıq səviyyəsinin artırılması, onların fəaliyyət sahəsinə dair dünya və beynəlxalq təcrübəni onlara aşılamaq və təlimləndirməkdən ibarətdir.

Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, son dövrlər mərkəzdə fəaliyyət prosesi daha da təkmilləşdirilib, yeni peşəkar işçi komandası formalaşdırılıb, tədris proqramları və dərs vəsaitləri standart formaya salınıb.

Təlim Tədris Mərkəzində ümumilikdə 55-ə yaxın təlim keçirilir. Bunlar da nəzəri və təcrübi hissələrə ayrılır. Təlim və kursların təcrübi hissələri trenajor və simulyatorla təchiz olunmuş otaqlarda, ixtisaslaşmış hovuzda və məşq poliqonlarında keçirilir. Eyni zamanda, mərkəzdə keçirilən kurslar “KSƏTƏMM-Təhlükəsiz üzmə kursları”, “Rabitə vasitələri kursları”, “Tanker kursları”, “Dinamik mövqe saxlama kursları”, “Kvalifikasiya kursları” və “Naviqasiya kursları” olmaqla xüsusiyyətlərinə görə 6 qrupa bölünür.

Həmçinin təcrübi məşğələlərin təmin edilməsi üçün Mərkəzdə “AT xilasetmə qayığı”, “Xilasetmə sal “Wiking”, “Qlobal Dəniz Fəlakət və Əmniyyətli Rabitə Sistemi (QDFƏRS)” (POSEİDON və TRANSAS firmasının istehsalı olan) trenajoru, “Qlobal Dəniz Fəlakət və Əmniyyətli Rabitə Sistemi (QDFƏRS)”-nin real avadanlığı, “Radar müşahidəsi və təsviri, avtomatik radar müşahidəsi vasitələrinin istismarı” (POSEİDON firmasının istehsalı olan) trenajoru, “Elektron Xəritə Displeyinin və İnformasiya Sistemlərinin İstismar Qaydaları” trenajoru, “Sürətli xilasetmə qayıq mütəxəssisi” (TRANSAS firmasının istehsalı olan) hazırlığı trenajoru avadanlıqları var.

Daha sonra Təlim Tədris Mərkəzinə məxsus hovuz haqqında jurnalistlərə məlumat verilib. Bildirilib ki, sözügedən hovuz beynəlxalq standartların tələblərinə uyğun olaraq müasir avadanlıqlarla təchiz edilib. Bu, Azərbaycanda yeganə ixtisaslaşmış hovuzdur. Burada yerli və xarici mütəxəssislər üçün (dənizçilər) birbaşa suda sağqalma və üzmə, qəzaya uğramış helikopterlərdən təxliyə, növbətçi sal və qayıqlardan istifadə qaydaları kimi praktik məşğələlər keçirilir.

Mərkəz müxtəlif beynəlxalq təşkilatlardan sertifikatlar alaraq təlim keyfiyyətini yüksək səviyyəyə çatdırıb. Burada keçirilən təlimlər birbaşa Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi və Amerika Gəmiçilik Bürosu (American Bureau of Shipping-ABS) tərəfindən akkreditasiya edilib. Təlim Tədris Mərkəzi Beynəlxalq Keyfiyyət İdarəetmə Sistemi İSO 9001:2015 standartına uyğun fəaliyyətini təşkil edib və Bureau Veritas Beynəlxalq Sertifikatlaşdırma təşkilatı tərəfindən sertifikata layiq görülüb.

Bundan başqa, Böyük Britaniyanın nüfuzlu “The Nautical İnstitute” təşkilatının nümayəndə heyətinin 2017-ci ilin 6-7 iyul tarixlərində keçirdiyi yoxlamanın nəticələrinə əsasən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Azərbaycan Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzinin Dinamik Mövqe Saxlama Simulyatoruna sertifikat verilib. Bu sertifikat “DP İnduction” və “DP Simulator” təlimlərinin keçirilməsinə şərait yaradır. Məlumat üçün bildirək ki, Dinamik Mövqe Saxlama Simulyatoru gəmi mövqeyini və gəminin istiqamətini saxlamaq üçün kompüter nəzarət sistemidir.

Beləliklə, hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzi dünyada “DP İnduction” və “DP Simulator” təlimlərinin keçirilməsinə səlahiyyəti olan 95 mərkəzdən biri, Azərbaycanda isə yeganə təşkilatdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.