SİYASƏT
Dövlət Departamenti ABŞ-ın Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadığını bəyan edib
Vaşinqton, 7 aprel, AZƏRTAC
ABŞ Dövlət Departamenti Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində martın 31-də keçirilmiş qanunsuz “seçkilər”ə münasibət bildirib.
Dövlət Departamenti dünya birliyinin digər dövlətləri kimi ABŞ-ın da Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadığını bir daha bəyan edib, qondarma “seçkilər”in onun statusuna təsir göstərmədiyini vurğulayıb. Dövlət Departamenti ABŞ-ın münaqişənin sülh yolu ilə ədalətli və davamlı həllinə nail olmaq üçün tərəflərə dəstək göstərməyə ciddi şəkildə sadiq qaldığını və bu məqsədlə ATƏT-in Minsk qrupu çərçivəsində səyləri davam etdirdiyini bildirib.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ilin aprel-noyabr aylarında Azərbaycan ərazilərinin işğalını pisləyən, erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz və dərhal çıxarılmasını və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları üçün şərait yaradılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib. 2008-ci ilin mart ayında BMT Baş Assambleyası beynəlxalq birliyin Təhlükəsizlik Şurasının qətnamələrində ifadə edilmiş mövqeyini bir daha təsdiq edən 62/243 nömrəli qətnamə qəbul edib. BMT Təhlükəsizlik Şurasının həmin qətnamələri əsasında müxtəlif ölkələrin qanunverici orqanları və beynəlxalq təşkilatlar işğalçı erməni qüvvələrinin Azərbaycandan çıxarılmasını tələb edən onlarla qətnamə qəbul edilib.
AZƏRTAC-ın Vaşinqton bürosu