DÜNYA
Dövlət Departamenti “Sülh çeşməsi” əməliyyatının başlanması ilə bağlı ABŞ-ın mövqeyini şərh edib
Vaşinqton, 11 oktyabr, AZƏRTAC
ABŞ Dövlət Departamentinin yüksəkvəzifəli nümayəndəsi oktyabrın 10-da jurnalistlərlə telefon danışığında Türkiyə Silahlı Qüvvələrinin və Suriyanın şimalında Türkiyə yönümlü Suriya müxalifətinin silahlı birləşmələrinin “Sülh çeşməsi” adlı hərbi əməliyyatının başlanması ilə əlaqədar bəyanat verib.
AZƏRTAC xəbər verir ki, Dövlət Departamentinin nümayəndəsinin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığından sonra Amerika hərbçilərinin hərbi əməliyyat aparılan rayondan geri çağırılması barədə qərar qəbul edib. Türkiyə Prezidenti Trampa məlumat verib ki, Suriyanın şimal-şərqində vəziyyətə dair qəbul edilmiş kompromisli qərar Türkiyənin maraqlarının təmin edilməsi üçün qənaətbəxş olmayıb.
ABŞ-ın Suriyanın şimal-şərqində vəziyyətə dair bir neçə il Türkiyə ilə danışıqlar apardığını vurğulayan diplomat deyib: “Bizim qoşunlarımızın böyük kontingenti olub və qalmaqdadır. Bu kontingent İŞİD terror təşkilatının uzun müddətə yox edilməsini, habelə Suriyanın şimal-şərqində və bütövlükdə regionda sabitliyin dəstəklənməsini təmin etmək niyyətindədir”. Onun sözlərinə görə, bu məqsədlərə nail olmaq üçün ABŞ-ın yerli tərəfdaşlara ehtiyacı olub. Kürd İşçi Partiyasının (PKK) Suriya cinahı olan “Suriyanın demokratik qüvvələri” ( YPG) silahlı qruplaşması da belə bir tərəfdaş idi. Dövlət Departamentinin nümayəndəsinin sözlərinə görə, bu, əlbəttə, Türkiyə üçün problemdir, çünki PKK 1984-cü ildən başlayaraq 35 il ərzində Türkiyəni dəhşətli terror hücumlarına məruz qoyub. Beləliklə, ABŞ Prezidentinin də dəfələrlə bəyan etdiyi kimi, Türkiyənin təhlükəsizlik məsələləri ilə bağlı əsaslı qorxuları var.
Amerika diplomatı diqqətə çatdırıb ki, bununla belə, Birləşmiş Ştatlar Türkiyənin bu əməliyyatını dəstəkləmir və deməli, ona hərbi yolla heç bir dəstək göstərməyəcək. Bundan əlavə, Birləşmiş Ştatlar hərbi müdaxiləyə də müqavimət göstərməyəcək, çünki Türkiyə NATO-nun üzvü kimi ABŞ-ın müttəfiqidir.
Xatırladaq ki, PKK dünyanın bir çox ölkələri, o cümlədən Birləşmiş Ştatlar və Aİ tərəfindən terrorçu təşkilat kimi tanınıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton