CƏMİYYƏT


Dövlət Dəstəyi Şurası və Vəkillər Kollegiyası QHT-lər üçün birgə məlumatlandırma sessiyası keçirib

Bakı, 7 dekabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Vəkillər Kollegiyası ilə birgə keçirilən qrant müsabiqəsi haqqında qeyri-hökumət təşkilatları (QHT) üçün məlumatlandırma sessiyası keçirilib.

Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası katibliyinin əməkdaşı Nədimə Rəhimli və məsləhətçisi Elnur Bağırlı qrant müsabiqəsi, iştirakçılar və onların layihələri üçün tələblər, layihələrin təqdim edilmə qaydası və proseduru barədə məlumat veriblər.

Kollegiyanın Rəyasət Heyəti Aparatının rəhbəri Fərhad Nəcəfov müsabiqə çərçivəsində qəbul ediləcək layihələrin mövzuları barədə QHT nümayəndələrinə ətraflı məlumat verib, mövzu və layihələrlə bağlı təmsil etdiyi qurumun müxtəlif istiqamətlərdə, o cümlədən müəyyən sahələr üzrə ixtisaslaşmış vəkillərin layihələrə cəlb olunmasına dəstək verəcəyini bildirib.

Müsabiqədə “Hüquqi yardım xidmətlərin göstərilməsinə dair təşəbbüslər”, “İnsan hüquq və azadlıqlarının peşəkar və keyfiyyətli müdafiəsinə dair təşəbbüslər”, “Region hüquqşünasları arasında vəkil peşəsinin təşviqi”, “Hüququn aktual sahələrinə dair vətəndaşların hüquqi maarifləndirilməsi” və “Məhkəmə-hüquq islahatlarına dair ictimai müzakirələrin keçirilməsi” mövzularında layihələr qəbul ediləcək. Müsabiqənin maliyyə fondu 150 min manat təşkil edir. Müsabiqə nəticəsində 15-dək layihənin maliyyələşdirilməsi nəzərdə tutulub.

Müsabiqə prosesi dörd mərhələdən ibarət olacaq, QHT və layihə sənədlərinin qəbulu bu il noyabrın 29-dan dekabrın 30-dək, texniki seleksiya gələn il yanvarın 13-dək, layihələrin vətəndaşlar və ekspertlər tərəfindən qiymətləndirilməsi yanvarın 15-dən fevralın 15-dək baş tutacaq. Müsabiqənin nəticələri barədə məlumat fevralın 25-dən sonra Şuranın rəsmi saytında və digər internet resurslarında yerləşdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.