ELM VƏ TƏHSİL
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi “Xarıbülbül” inşa müsabiqəsi elan edir
Bakı, 1 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi IX−XI sinif şagirdləri arasında İkinci Qarabağ müharibəsinin ildönümünə həsr olunmuş “Xarıbülbül” inşa müsabiqəsi elan edib.
Bu barədə AZƏRTAC-a Monitorinq Mərkəzindən məlumat verilib. Bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd Vətən müharibəsində əldə olunan Zəfərin şagirdlərdə yaratdığı təəssüratı bölüşmək, onlarda vətənpərvərlik hissinin formalaşmasına nail olmaqdır. Həmçinin məktəblilərdə düzgün yazı vərdişlərinin qazanılmasına kömək etmək, yazıda ədəbi dil normalarına ciddi əməl olunmasına təşviq etmək, eləcə də doğma dilimizin saflığının qorunaraq gələcək nəsillərə ötürülməsinə nail olmaqdır.
Mövzu 44 günlük Vətən müharibəsi ilə bağlı olmalıdır. İnşalar Azərbaycan dilində yazılmalı, daha əvvəl heç yerdə dərc edilməməlidir.
Hər iştirakçı müsabiqəyə yalnız bir yazı nümunəsi təqdim edə bilər. Təqdim olunan inşalar maksimum 1000 sözdən ibarət olmalıdır.
İştirak etmək istəyənlər inşaları oktyabrın 15-dək [email protected] ünvanına göndərə bilərlər.
Qaliblərə diplom və hədiyyələr təqdim olunacaq.