ELM VƏ TƏHSİL


Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin əməkdaşları Qahirədə tədbirlər keçiriblər

Qahirə, 20 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin nümayəndə heyətinin Misirə səfəri davam edir. Nümayəndə heyəti səfər çərçivəsində Qahirə Universitetində və EPS dillər mərkəzində tədbirlər keçirib.

AZƏRTAC xəbər verir ki, Qahirə Universitetinin Şərq dilləri fakültəsində keçirilən görüşdə Ədəbiyyat fakültəsinin dekanı Şərif Kamil, Şərq dilləri kafedrasının müdiri Nəcla Rəfət, kafedranın professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbirdə ərəb və Azərbaycan dilləri arasındakı qarşılıqlı əlaqə barəsində diskussiyalar aparılıb, müəllimlərin və Azərbaycan dilini öyrənən tələbələrin dilimizdə gedən proseslərlə bağlı sualları cavablandırılıb. Qahirə Universitetinin müəllim heyəti ilə Azərbaycan dilini öyrənən əcnəbi tələbələr üçün gələcəkdə Monitorinq Mərkəzi tərəfindən təşkil ediləcək yay məktəbi və bu istiqamətdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Səfər çərçivəsində Misirin EPS dillər mərkəzində Azərbaycan dili və ədəbiyyatı nümunələrinə dair mühazirələr təqdim edilib.

Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva və mərkəzin aparıcı mütəxəssisi Səma Əliyeva Azərbaycan dili və ədəbiyyatı haqqında müfəssəl məlumatları ehtiva edən məruzələrlə çıxış ediblər.

EPS dillər mərkəzinin rəhbəri İsra Adil misirli tələbələrə Azərbaycan dilinin tədrisi və ədəbiyyatımızın öyrənilməsi sahəsində görülən işlərdən bəhs edib. O diqqətə çatdırıb ki, rəhbərlik etdiyi mərkəzdə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə bağlı tədbirlər həyata keçirilib, misirli gənclər “Leyli və Məcnun” poemasını səhnələşdiriblər.

Tədbirin sonunda misirli tələbələr Azərbaycanın Dövlət Himnini ifa ediblər.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.