MƏDƏNİYYƏT
Dövlət Film Fondunda növbəti tədbir kinorejissor Yalçın Əfəndiyevə həsr olunub
Bakı, 17 mart, AZƏRTAC
Martın 17-də Azərbaycan kinosunun 125 illiyi və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə Dövlət Film Fondunda “Azərbaycan sənədli kino salnaməsi” adlı silsilə retrospektiv baxış çərçivəsində növbəti tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Xalq artisti, kinorejissor Yalçın Əfəndiyevin yaradıcılığına həsr olunub.
Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq Yalçın Əfəndiyevin Azərbaycan kinosundakı, xüsusilə də sənədli kino sahəsindəki xidmətlərindən danışıb.
Sonra rejissor Yalçın Əfəndiyevin “Bakı haqqında 10 dəqiqə” və “Nə yaxşı ki, dünyada Səməd Vurğun var” sənədli filmləri nümayiş olunub.
Nümayişdən sonra Yalçın Əfəndiyevin ailə üzvləri adından oğlu İbrahim Əfəndiyev çıxış edərək, Azərbaycan Dövlət Film Fondunda təşkil olunan xatirə gecələrinin əhəmiyyətindən danışıb, Fondun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.