İQTİSADİYYAT
Dövlət Gömrük Komitəsi ilə BMT arasında mövcud əlaqələr müzakirə olunub
Bakı, 4 oktyabr, AZƏRTAC
Dövlət Gömrük Komitəsi ilə BMT arasında mövcud əlaqələr müzakirə olunub.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müzakirələr oktyabrın 4-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsinin Mərkəzi Asiya üzrə Regional Ofisinin rəhbəri xanım Aşita Mittalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı aparılıb.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev BMT ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi arasında mövcud əlaqələrdən məmnunluqla söhbət açıb, 1999-cu ildən icrasına başlanılan BMT İP və Azərbaycan Hökuməti arasında “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Potensialının Gücləndirilməsi və Məlumatların Ötürülməsi Şəbəkəsinin Yaradılması” layihəsindən, bu layihənin avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması sahəsində gömrük xidmətinin inkişafına olduqca müsbət təsirindən danışıb.
2011-ci ildə Bakıda BMT-nin dəstəyi ilə Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Beynəlxalq Konfransın keçirildiyini, həmin il Avstriya Respublikasının Vyana şəhərində BMT-nin İqtisadi və Sosial Şurasının Narkotik Vasitələr üzrə Komissiyasının 54-cü Sessiyasında iştirakını, sessiya çərçivəsində Dövlət Gömrük Komitəsi tərəfindən Vyanada narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş plakat, foto və digər incəsənət əsərlərindən ibarət “Narkotiklərə yox deyək”, eləcə də 2010-cu ildə BMT-nin Vyana bölməsində Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi Komissiyasının 19-cu sessiyası çərçivəsində “Azərbaycan gömrüyü mədəni irsin keşiyində” adlı sərgilərin təşkil olunduğunu məmnunluqla xatırlayan DGK sədri bu mötəbər tədbirlərin əhəmiyyətindən danışıb, ümumiyyətlə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində Azərbaycan Gömrük Xidmətinin son illər həyata keçirdiyi məqsədyönlü tədbirlərdən ətraflı bəhs edib, təkcə bu ilin 9 ayı ərzində 1 ton 100 kiloqramdan artıq narkotik vasitə-heroinin aşkarlandığını, bu narkotik vasitələrin narkokuryerlər tərəfindən Azərbaycan ərazisindən tranzit olaraq daşınmasına cəhd göstərildiyini diqqətə çatdırıb.
DGK sədri Aydın Əliyev BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi ilə DGT-nin birgə həyata keçirdiyi “Konteyner Daşınmalarına Nəzarət” Layihəsi çərçivəsində treninqin təşkili üçün DGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində bütün şəraitin yaradıldığını diqqətə çatdırıb, Dövlət Gömrük Komitəsi ilə BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin Mərkəzi Asiya üzrə Regional Ofisinin birgə gerçəkləşdirəcəkləri layihələrin gələcək perspektivlərindən bəhs edib.
BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin Mərkəzi Asiya üzrə Regional Ofisinin rəhbəri xanım Aşita Mittal Azərbaycana ilk dəfə səfərindən və Bakı şəhərinin timsalında ölkədə görülən böyük işlərdən məmnunluğunu bildirib. Müstəqil Azərbaycanın gömrük orqanlarının inkişaf tendensiyasından razılıqla söhbət açan xanım Aşita Mittal DGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Kontrafakt və piratçılığa qarşı mübarizə” mövzusunda keçirilən seminarın yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib, bu kimi tədbirlərin gələcəkdə qonşu dövlətlərin - Azərbaycan, İran, Gürcüstanın iştirakı ilə birgə keçirilməsinin önəmini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.