CƏMİYYƏT
Dövlət Gömrük Komitəsi tərəfindən Minatəmizləmə Agentliyinə təlim keçmiş itlər ianə edilib
Bakı, 17 oktyabr, AZƏRTAC
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən Minatəmizləmə Agentliyinə (ANAMA) 5 baş təlim keçmiş it ianə olunub.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə DGK-nın Kinoloji Mərkəzində keçirilən tədbirə ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov və DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov qatılıb.
Tədbirdə çıxış edən Vüqar Süleymanov göstərilən dəstəyə görə təşəkkürünü bildirib və təqdim olunan itlərin uzunmüddətli fəaliyyət göstərərək Qarabağda təhlükəsiz, dayanıqlı və sağlam yaşayış mühitinin yaradılması sahəsində töhfə verəcəyinə ümidvar olduğunu deyib.
Şahin Bağırov diqqətə çatdırıb ki, tədbir mina və partlamamış hərbi sursatlarla ən çox çirklənən rayonlarımızdan olan Füzulinin işğaldan azad olunması gününə təsadüf edir, ianə verilən xidməti itlər işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatlarına, bərpa və yenidənqurma proseslərində təhlükəsizliyin təmin edilməsinə əlavə dəstək olacaq.
Eyni zamanda, vurğulanıb ki, ANAMA və DGK arasında partlayıcı maddələrin aşkar edilməsi istiqamətində əməkdaşlığın gücləndirilməsi, təlimlərin və təcrübə mübadiləsinin təşkili gələcək birgə əməkdaşlığa fayda verəcək.
Agentliyə ianə edilən itlər humanitar minatəmizləmə əməliyyatlarında fəaliyyət göstərmək üçün ANAMA tərəfindən müvafiq təlimlərə cəlb olunacaq. Təlimlərdən sonra Beynəlxalq Minatəmizləmə Standartları (IMAS) üzrə akkreditasiyadan keçirilərək Qarabağda icra olunan minatəmizləmə əməliyyatlarında iştirak edəcəklər.
Sonda 5 baş təlim keçmiş it, onların qeydiyyat sertifikatları, aksesuarları və daşınması üçün zəruri olan qəfəsləri ANAMA-ya təqdim olunub.