İQTİSADİYYAT


Dövlət Gömrük Komitəsində BP şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib

Bakı, 19 may, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, qonaqları səmimiyyətlə salamlayan DGK-nın sədri Səfər Mehdiyev ölkəmizdə neft sektorunun inkişafı naminə BP şirkətinin gördüyü işlərdən məmnunluqla söhbət açıb.

Azərbaycanda fəaliyyət göstərən ən iri neft şirkəti kimi BP ilə gömrük orqanları arasında əlaqələrdən bəhs edən Komitə sədri bu istiqamətdə gömrük orqanlarının öz vəzifələrini layiqincə yerinə yetirdiyini, gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsinin daha operativ surətdə aparılmasını təmin etmək üçün ardıcıl tədbirlərin həyata keçirildiyini deyib.

“Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük orqanlarında həyata keçirilən islahatlar ölkənin iqtisadi təhlükəsizliyini təmin etməklə yanaşı, sahibkarlıq mühitinin yaxşılaşdırılmasına və biznes mühitinin inkişafına da töhfəsini verir”, - deyə sözünə davam edən Komitə sədri gömrük orqanlarının bu istiqamətdə fəaliyyətindən danışıb, sahibkarlıq subyektləri ilə səmərəli dialoqun qurulduğunu, şəffaflığın təmin edildiyini, gömrük prosedurlarının sadələşdirildiyini və qanunvericilik bazasının ardıcıl olaraq təkmilləşdirildiyini diqqətə çatdırıb.

Səfər Mehdiyev aparılan islahatların müsbət nəticələri barədə məlumat verərək son illər ərzində istər fiskal sahədə, istərsə də qaçaqmalçılığa, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əldə olunan uğurlardan bəhs edib.

DGK sədri bu gün bütün gömrük-sərhəd keçid məntəqələrində gömrük nəzarətinin ən müasir avadanlıqlarla həyata keçirildiyini, sərhəd keçid məntəqələrinin buraxılış qabiliyyətini artırmaq məqsədilə yeni layihələrin gerçəkləşdirildiyini, informasiya texnologiyaları sahəsində Azərbaycan gömrüyünün çox böyük uğurlara imza atdığını vurğulayıb, son zamanlar bu istiqamətdə tətbiq olunan yeni layihələrlə bağlı məlumat verib.

Səfər Mehdiyev “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqinin biznesin inkişafına, ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə, könüllü riayət mədəniyyətinin formalaşmasına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, şəffaflığın təmin olunmasına, beynəlxalq ticarətin asan və sürətli şəkildə icrasına, ölkənin ixrac potensialının artırılmasına münbit şərait yaratdığını vurğulayıb.

Qonaqlara DGK-nın elektron informasiya sistemləri ilə bağlı təqdimat da nümayiş etdirilib.

Səmimi görüşə görə Dövlət Gömrük Komitəsinin sədrinə təşəkkür edən BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ötən illər ərzində DGK ilə birbaşa qurulan müsbət əlaqələrdən bəhs edib, qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirib.

Şirkətin həyata keçirdiyi irimiqyaslı layihələrin icrasında gömrük orqanlarının müstəsna rolundan söhbət açan Qəri Counz gömrük sistemi ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib, uzun illərdən bəri mövcud olan bu işgüzar əlaqələrin gələcək perspektivlərindən danışıb. Azərbaycan gömrüyünün xüsusilə informasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətlərin onda çox böyük və xoş təəssüratlar yaratdığını deyən Qəri Counz bu uğurların davamlı olacağına əminliyini ifadə edib.

Görüşün sonunda DGK-nın sədri Səfər Mehdiyev BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzu və şirkətin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylini “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.