İQTİSADİYYAT
Dövlət Gömrük Komitəsinə dəstəklə bağlı tvinninq layihəsinin növbəti iclası keçirilib
Bakı, 16 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də “Ümumi Tranzit Proseduru Konvensiyası, Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi Konvensiyası və Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (YKTS) qoşulmaq prosesində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə (DGK) dəstək” tvinninq layihəsinin Rəhbər Komitəsinin 4-cü iclası keçirilib.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki potensialın gücləndirilməsi üzrə Avropa Regional ofisində keçirilən iclasda DGK-nın Katibliyinin rəisi Anar Süleymanov, Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev, iqtisadiyyat nazirliyinin nümayəndəsi, işçi qrupun Azərbaycandan olan üzvləri, layihənin rezident tvinninq məsləhətçisi Antonio Lo Parco və işçi qrupun İtaliyadan olan üzvləri iştirak ediblər.
DGK Katibliyinin rəisi Anar Süleymanov layihənin əhəmiyyətindən danışıb və uğurla həyata keçirildiyini, icra prosesində hər hansı yubanma baş vermədiyini bildirib. O da qeyd olunub ki, işçi qrup tərəfindən layihənin icrası çərçivəsində görülən işlərə dair əhatəli hesabat hazırlanıb və DGK tərəfindən yüksək qiymətləndirilib.
Layihənin rezident tvinninq məsləhətçisi Antonio Lo Parco layihənin icrası prosesindən məmnunluqla danışıb, COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq işçi qrupun qarşıya qoyulan məqsədləri uğurla icra etdiyini bildirib.
İclasın yekununda layihənin növbəti dövri rüblük hesabatı, büdcə planı və digər sənədlər imzalanıb.
Qeyd edək ki, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən layihə İtaliya Gömrük və İnhisar Agentliyi tərəfindən icra edilir. Layihənin məqsədi Dövlət Gömrük Komitəsinin Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi haqqında 1987-ci il mayın 20-si tarixli Konvensiyasına, 1987-ci il mayın 20-si tarixli Ümumi Tranzit Konvensiyasına (CTC) və Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə qoşulmasının hazırlıq prosesində müvafiq hüquqi, inzibati və texniki mühitin yaradılmasına dəstək verilməsidir.