İQTİSADİYYAT
Dövlət Gömrük Komitəsinin Akademiyasında növbəti xidmətə hazırlıq təlimləri başa çatıb
Bakı, 13 mart, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşlar üçün təşkil edilən növbəti hazırlıq təlimləri başa çatıb. Təlimlərin dinləyicilərinin bir ay ərzində əldə etdikləri bilik və bacarıqları qiymətləndirilib.
Akademiyanın ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev təlimlər zamanı dinləyicilərin həm nəzəri, həm də təcrübi bilik və bacarıqları əldə etdiklərini söyləyib.
Komitə tərəfindən aparılan islahatlardan, görülən işlərdən danışan sədr müavini gömrük xidməti əməkdaşlarının hərtərəfli biliyə, bacarığa, həmçinin yüksək şəxsi keyfiyyətlərə malik olmasının zəruriliyini qeyd edib.
DGKA-nın rəisi Qulu Novruzov 5 həftə davam edən təlimlərdə 37 nəfərin iştirak etdiyini deyib. O, dinləyicilərin 4 həftəlik nəzəri dərslərlə yanaşı, komitənin strukturlarında və müxtəlif gömrük xidməti orqanlarında 1 həftəlik təcrübə kursu keçdiklərini də bildirib.
Q.Novruzov təlimlərin dinləyicilərinin gömrük orqanlarının müsbət imicinin formalaşmasında böyük rol oynayacağına əminliyini ifadə edərək, onlara uğurlar arzulayıb.
Dinləyicilərin sualları cavablandırılıb, müxtəlif suallar ətrafında müzakirələr aparılıb.
Sonra xidmətə hazırlıq təlimlərinin dinləyicilərinin biliklərinin qiymətləndirilmə mərhələsi keçirilib. İmtahanda dinləyicilərin nəzəri bilikləri qiymətləndirilib, bununla yanaşı, dinləyicilər hərbi və sıra duruşu nümayiş etdiriblər.
Bu günədək gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş gömrük əməkdaşlarına peşə biliklərinin və xidməti intizam qaydalarının tələblərinin öyrədilməsi məqsədilə akademiyada keçirilən xidmətə hazırlıq təlimlərində 100-dən çox əməkdaş iştirak edib.
Tədbirdə akademiya rəisinin müavinləri, təlimlərdə tədrisi həyata keçirən professor-müəllim heyəti iştirak ediblər.