İQTİSADİYYAT


Dövlət Gömrük Komitəsinin əməkdaşına Ümumdünya Gömrük Təşkilatında səlahiyyət verilib

Bakı, 24 iyul, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin (DGK) Ümumdünya Gömrük Təşkilatındakı (ÜGT) nümayəndəsi Daşqın Əliyev növbəti maliyyə ili müddətində təşkilatın baş katibi tərəfindən Avropa regional inkişaf meneceri, eyni zamanda, “Eurocustoms” və Alman Gömrük Əməkdaşlıq Fondları üzrə icraçı menecer təyin olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, idarəçiliyin asanlaşdırılması və əməkdaşlığın daha səmərəli təşkili baxımından ÜGT öz işini 182 üzv ölkənin bölündüyü 6 region üzrə təşkil edir. Bunlardan ən böyüyü Avropa Regionudur ki, 52 dövləti özündə birləşdirir. Qeyd olunan regionlarda, həmçinin ÜGT-nin müxtəlif regional struktur təsisatları da fəaliyyət göstərir.

ÜGT-nin baş katibliyində qeyd olunan hər bir region üzrə bir regional inkişaf meneceri təyin olunur. Regional inkişaf menecerinin əsas vəzifəsi region ölkələri ilə sıx əməkdaşlıq edərək gömrük işi sahəsində potensialın gücləndirilməsinə dəstək təşəbbüslərinin koordinasiya və idarə edilməsi, o cümlədən ÜGT-nin müvafiq regional təsisatlarının səmərəli fəaliyyəti üçün əlaqələndirmə fəaliyyətinin həyata keçirilməsidir.

ÜGT-nin bütün üzvlərinə şamil olunan “Eurocustoms” və ÜGT-nin Avropa regionu ölkələrini əhatə edən Alman Gömrük Əməkdaşlıq Maliyyə Fondları üzrə icraçı menecerin səlahiyyətlərinə bu fondlardan bəhrələnmək hüququ olan üzv ölkələrdə potensialın gücləndirilməsi üzrə tədbirlərin maliyyələşməsi işini koordinasiya edərək müvafiq vəsaitin ayrılması və onun icrasına nəzarət daxildir.

Xatırladaq ki, hazırda Azərbaycan ÜGT-nin 3 regional qurumuna ev sahibliyi edən yeganə üzv dövlətdir. Belə ki, təşkilatın Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi, Regional Tədris Mərkəzi və Regional Kinoloji Təlim Mərkəzi ölkəmizdə fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.