REGİONLAR
Dövlət Gömrük Komitəsinin sədri Qaxda vətəndaşları qəbul edib VİDEO
Qax, 23 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
AZƏRTAC xəbər verir ki, sentyabrın 23-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Qax şəhərindəki Heydər Əliyev Mərkəzində Balakən, Zaqatala və Qax rayonlarında yaşayan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib.
Komitənin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda sakinlərin müraciətləri əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və gömrük-keçid məntəqələrində vəziyyət barədə olub.
Qəbul zamanı DGK sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.
Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
Vətəndaşlar onlar üçün yaradılmış şəraitdən razılıqlarını bildiriblər.