REGİONLAR
Dövlət Gömrük Komitəsinin sədri Qusarda şimal bölgəsindən olan vətəndaşları qəbul edib VİDEO
Qusar, 28 dekabr, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 28-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Qusar şəhərində şimal bölgəsindən olan vətəndaşları qəbul edib.
Əvvəlcə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, xatirəsini anıblar.
Qəbulda Qusar, Quba, Xaçmaz və Şabran rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları, gömrük orqanlarında işə qəbul və digər məsələlərlə bağlı olub.
DGK sədri Səfər Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.