ELM VƏ TƏHSİL


Dövlət İdarəçilik Akademiyası və “Rabitəbank” arasında əməkdaşlıq genişlənir

Bakı, 28 sentyabr, AZƏRTAC

Sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) ilə “Rabitəbank” ASC arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Bu barədə AZƏRTAC-a DİA-dan məlumat verilib. Bildirilib ki, sənədi DİA-nın rektoru akademik Urxan Ələkbərov və “Rabitəbank” ASC İdarə Heyətinin sədri Aydın Hüseynov imzalayıblar.

Memorandum nəzəri və təcrübi biliklərin artırılmasını, tələbələr üçün təcrübə imkanlarının yaradılmasını, birgə tədqiqatların aparılmasını və digər məsələləri ehtiva edir.

İmzalanma mərasimində rektor Urxan Ələkbərov bildirib ki, son 30 ildə Azərbaycan böyük inkişaf yolu keçib. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasətinin əhəmiyyətini vurğulayan rektor qeyd edib ki, ölkəmizdə yaradılan innovativ idarəetmə sistemi nəticəsində respublikamız inklüziv inkişafa nail olub. İndi hər kəs öz həyatında bunu hiss edir. U.Ələkbərov Azərbaycanın inkişaf tendensiyasını nüfuzlu beynəlxalq qurumların yaydığı statistik göstəricilərlə əsaslandırıb. İdarəetmənin innovasiyaya təsirini və inkişafın əsas amillərini diqqətə çatdırıb.

Rektor deyib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan dövlətçiliyi tarixində xüsusi mərhələ kimi qalacaq. Müstəqillik illərində Azərbaycanın bir çox istiqamətlərdə regional və qlobal liderə çevrildiyini qeyd edən U.Ələkbərov ölkəmizin inkişaf göstəricilərinin bir çox beynəlxalq təşkilatların rəsmi sənədlərində, müstəqil ekspertlər tərəfindən hazırlanmış hesabatlarda təsdiqini tapdığını bildirib.

“Rabitəbank” ASC İdarə Heyətinin sədri Aydın Hüseynov Dövlət İdarəçilik Akademiyasının ölkəmizin nüfuzlu ali təhsil ocaqlarından biri olduğunu vurğulayıb, DİA-nın məzunlarının müxtəlif dövlət və özəl qurumlarda aparıcı və rəhbər vəzifələr tutduqlarını bildirib. O, imzalanan memorandumun əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli sənəd olduğunu qeyd edib.

A.Hüseynov bildirib ki, memorandumun imzalanması ilə Dövlət İdarəçilik Akademiyası və “Rabitəbank” arasındakı mövcud əməkdaşlıq münasibətləri yeni mərhələyə qədəm qoyur. Memorandumda hər iki təşkilat üçün faydalı olacaq bir sıra sahələrdə əməkdaşlığın və mühüm layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.