ELM VƏ TƏHSİL
Tariximizin şərəfli səhifəsi - Milli Qurtuluş Günü
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) nəzdində fəaliyyət göstərən “Heydər Əliyev Dövlət İdarəçilik Məktəbi”ndə Milli Qurtuluş Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin bu ali məktəbdəki büstü önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla anıblar.
Tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov böyük tarixi əhəmiyyət daşıyan 15 iyun - Milli Qurtuluş Günü haqqında ətraflı məlumat verib. Vurğulanıb ki, 1993-cü il iyunun 15-i tariximizə qurtuluş günü kimi daxil olub.
1988-1992-ci illərdə ölkəmizin parçalanmaq və dağılmaq təhlükəsi ilə üzləşdiyini qeyd edən rektor 1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu təhlükənin sovuşduğunu, respublikamızın böyük inkişaf yoluna çıxdığını diqqətə çatdırıb.
Akademik U.Ələkbərov dahi rəhbər Heydər Əliyevin zəngin dövlətçilik irsinin əhəmiyyətindən danışıb, ölkəmizdə qazanılan bütün nailiyyətlərin Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu vurğulayıb, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirib.
Rektor qeyd edib ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi innovativ idarəetmə texnologiyalarının təcrübədə tətbiqi nəticəsində bir sıra iqtisadi və sosial göstəricilərinə görə müasir Azərbaycan yüzillik tarixi olan və dünya liderləri sayılan ölkələrlə rəqabət aparmaq durumundadır. Dövlətimizin başçısının tətbiq etdiyi və dünya miqyasında ilk dəfə işlənilmiş sinergetik, kompensator idarəçilik texnologiyaları sayəsində 2018-ci ilin yanvarında keçirilmiş Davos Forumunun hesabatında Azərbaycanın inklüziv inkişaf indeksi Latviya, Polşa, Rumıniya, Bolqarıstan, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan kimi Avropa İttifaqına üzv olan dövlətlərin göstəricilərindən yüksəkdir.
U.Ələkbərov müstəqil ölkəmizin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolu olduğunu qeyd edib.
Tədbirdə ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən film nümayiş olunub.
DİA-nın Siyasi Araşdırmalar İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Elman Nəsirov, dövlət qulluğu və kadr siyasəti kafedrasının dosenti, Milli Məclisin deputatı Aydın Mirzəzadə, siyasi idarəetmə fakültəsinin dekanı, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elçin Əhmədov, dosent Fəxrəddin Nağıyev və başqaları məruzələrində dahi rəhbər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan bəhs ediblər.
Məruzəçilər Milli Qurtuluş Gününün tariximizin şərəfli səhifəsi olduğunu vurğulayıblar.