ELM VƏ TƏHSİL


Dövlət İdarəçilik Akademiyasında Milli Qurtuluş Gününə həsr olunmuş elmi-praktik konfrans

Bakı, 13 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) nəzdində fəaliyyət göstərən “Heydər Əliyev Dövlət İdarəçilik Məktəbi”ndə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin bu ali məktəbdəki büstü önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla anıblar.

Tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov “Qurtuluş – 26: Azərbaycan Respublikası uğurlu inkişaf yollarında” mövzusunda məruzə ilə çıxış edib.

Akademik Urxan Ələkbərov müasir müstəqil dövlətimizin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən, zəngin dövlətçilik təcrübəsindən danışıb. 1988-1992-ci illərdə Azərbaycanın parçalanmaq, dağılmaq təhlükəsi ilə üzləşdiyini qeyd edən rektor 1993-cü ildə xalqın təkidli tələbi ilə dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizin bəlalardan xilas olaraq böyük inkişaf yoluna çıxdığını söyləyib.

Akademik Urxan Ələkbərov 15 iyun - Milli Qurtuluş Gününün əhəmiyyətini diqqətə çatdırıb.

Dahi rəhbər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycanın inkişaf strategiyasının uğurlu nəticələrindən bəhs edən rektor Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib. Alim respublikamızın bu gün çox sürətlə tərəqqi etdiyini deyib. Urxan Ələkbərov ölkəmizin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolunu vurğulayıb.

DİA-nın Siyasi araşdırmalar institutunun direktoru, Milli Məclisin deputatı, professor Elman Nəsirov, akademiyanın birinci prorektoru, professor Əlikram Abdullayev, kafedra müdiri, dosent Fəxrəddin Nağıyev və digər çıxış edənlər də ümummilli lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, siyasi irsinin əhəmiyyətindən, ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu islahatlardan bəhs ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.