ELM VƏ TƏHSİL
Dövlət İdarəçilik Akademiyasında doktorant və dissertantların elmi-praktik konfransı keçirilib
Bakı, 11 may, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Elmi təşkilat və beynəlxalq əlaqələr” şöbəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Heydər Əliyevin dövlətçilik ideyaları və Vətən müharibəsində tarixi Qələbəmizi şərtləndirən əsas amillər” mövzusunda doktorant və dissertantların elmi-praktik konfransı keçirilib.
DİA-dan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan DİA-nın rektoru akademik Urxan Ələkbərov ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünün ölkəmizdə hər il olduğu kimi böyük ehtiramla qeyd edildiyini vurğulayıb. Akademik U.Ələkbərov dahi şəxsiyyətin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edərək, Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyinin böyük təhlükələrdən xilas olduğunu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında əsaslı dönüşün yarandığını qeyd edib. O, Azərbaycanın bu gün əldə etdiyi uğurların əsasında Ulu Öndərin siyasi və mənəvi irsinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyinin dayandığını konfrans iştirakçılarının nəzərinə çatdırıb.
Daha sonra konfransda çıxış edən DİA-nın doktorant və dissertantları “Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti”, “Heydər Əliyev və Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası”, “Tarixi zəfərə aparan Heydər Əliyevin dövlətçilik ideyaları”, “Heydər Əliyevin azərbaycançılıq ideologiyasının xalqımızın milli həmrəyliyində rolu”, “Prezident İlham Əliyev Vətən müharibəsində əldə olunan tarixi zəfərin memarı kimi”, “Azərbaycan Respublikasının dövlət idarəçiliyində innovativ inkişafın təmin olunmasında Prezident İlham Əliyevin rolu” və s. maraqlı mövzularda məruzələr ilə çıxış ediblər.
Konfransın sonunda səsləndirilən məruzələr ətrafında fikir mübadiləsi aparılıb.