CƏMİYYƏT
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşlarına növbəti distant təlim keçirilib
Bakı, 31 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) birgə “Strateji yol xəritəsinin icrasında yerli icra hakimiyyətlərinin rolu” mövzusunda növbəti distant təlim keçirib.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, təlimin əsas məqsədi ölkənin inklüziv inkişafı üçün hədəflərin yeni istiqamətləri, strateji yol xəritələrinin icrasında yerli icra hakimiyyətlərinin rolu, bu xəritələrin monitorinqi və qiymətləndirilməsi və s. kimi mövzularla bağlı biliklərin dinləyicilərə çatdırılması və onlarla fikir mübadiləsinin aparılmasıdır.
Yerli icra hakimiyyətlərinin əməkdaşları üçün təşkil edilən təlimdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov “İnklüziv inkişaf və innovativ idarəetmə texnologiyaları: Azərbaycan respublikasının təcrübəsi”, İİTKM-in icraçı direktoru Vüsal Qasımlı isə “Strateji yol xəritələri: davamlı iqtisadi inkişaf və sosial rifah” adlı açılış mühazirələri ilə çıxış ediblər.
Akademik Urxan Ələkbərov Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışıb, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib və bu gün Azərbaycanın iqtisadiyyatının sürətlə inkişaf etdiyini konkret faktlarla diqqətə çatdırıb. Qeyd olunub ki, bir sıra iqtisadi və sosial göstəricilərinə görə müasir Azərbaycan Respublikası hazırda yüzillik tarixi olan və dünya liderləri sayılan ölkələrlə rəqabət aparmaq iqtidarındadır. Dövlətimizin başçısının tətbiq etdiyi və dünya miqyasında ilk dəfə işlənilmiş sinergetik, kompensator idarəçilik texnologiyaları sayəsində 2018-ci ilin yanvarında keçirilən Davos Forumunun hesabatında Azərbaycanın inklüziv inkişaf indeksi Avropa İttifaqına üzv olan bir çox dövlətlərin göstəricilərindən yüksək olduğu qeyd edilib.
Rektor ölkənin iqtisadi və ticari əlaqələrinin genişəndirilməsində müstəsna əhəmiyyətə malik strateji yol xəritəsinin, elektron hökumətin inkişafı ilə bağlı qərarların Azərbaycanın müasir tərəqqisində mühüm rol oynadığını vurğulayıb. O, Azərbaycanın uğurlu inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi rol oynadığını bildirib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı diqqətə çatdırıb ki, Azərbaycan iqtisadiyyatında aparılan davamlı islahatlar öz bəhrəsini verməkdədir. Vüsal Qasımlı vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən strateji yol xəritələrindən biri də Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına həsr edilib. Burada göstərildiyi kimi, elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçiddə əsas məqsəd xidmətlərin göstərilməsi zamanı vətəndaşlarla birbaşa təması aradan qaldırmaqla şəffaflığı təmin etmək, həmçinin xidmətlərin daha əlçatan olmasıdır.
İcraçı direktor deyib ki, Azərbaycanın “Doing Business” hesabatında ən islahatçı ölkə statusunu saxlaması da təsadüfi deyil. Çünki 2018-ci ildə açıqlanacaq “Doing Business-2019” hesabatında Azərbaycanın mövqeyinin gücləndirilməsini təmin edəcək - biznesə başlama, tikinti üçün icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, əmlakın qeydiyyatı, kreditlərin alınması, kiçik investorların maraqlarının qorunması, vergilərin ödənilməsi, xarici ticarətin aparılması, müqavilələrin icrasının təmin edilməsi və müəssisənin bağlanması kimi istiqamətlər üzrə ciddi iqtisadi islahatlar aparılıb.
Vüsal Qasımlı əlavə edib ki, İİTKM tərəfindən gerçəkləşdirilən Azexport portalı, Rəqəmsal Ticarət Qovşağı, Bir Pəncərə İxraca Dəstək Mərkəzi, vahid online ixrac ərizəsi, EnterpriseAzerbaijan.com saytı kimi layihələr rəqəmsal iqtisadiyyat quruculuğuna ciddi töhfədir.
Sonra İİTKM-nin strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri Ramil Hüseyn “Yerli icra hakimiyyəti orqanlarının Strateji Yol Xəritələrinin icrasında rolu”, mərkəzin əməkdaşı, Azexport.az portalının meneceri Ayxan Qədəşov “Strateji yol xəritəsinin monitorinqi və qiymətləndirilməsi: 2017-ci il üzrə monitorinq və qiymətləndirmə nəticələrinin şərhi” mövzularında mühazirələrlə çıxış ediblər.