ELM VƏ TƏHSİL
Dövlət İdarəçilik Akademiyasının tələbələri esse müsabiqəsinin qalibi olublar
Bakı, 11 may, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən “Azərbaycan Respublikasında Heydər Əliyev və gənclər siyasəti” mövzusunda esse müsabiqəsinin nəticələri ilə bağlı tələbə elmi konfransı keçirilib.
DİA-dan AZƏRTAC-a bildiriblər ki, konfransda akademiyanın humanitar və sosial məsələlər üzrə prorektoru, dosent Mehdi Abdullayev müasir müstəqil dövlətimizin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən, xilaskarlıq missiyasından danışıb.
Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən bəhs edən Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, DİA-nın Tələbə Elmi Cəmiyyətinin sədri, dosent Sevil Məmmədova və digər çıxış edənlər Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib, Azərbaycanda qazanılan nailiyyətləri əsaslı faktlarla diqqətə çatdırıb, dahi rəhbərin əziz xatirəsinin ürəklərdə daim yaşayacağını vurğulayıblar.
Sonra ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən esse müsabiqəsinin nəticələri açıqlanıb. Birinci yerə DİA-nın dövlət və bələdiyyə idarəetməsi ixtisasının birinci kurs tələbəsi Cavad Xudaverdiyev, ikinci yerə politologiya ixtisası üzrə təhsil alan ikinci kurs tələbəsi Üzeyir Mustafayev, üçüncü yerə isə politologiya ixtisası üzrə birinci kurs tələbəsi Günel Ələkbərova layiq görülüblər.
Qaliblərə Bilik Fondu tərəfindən hədiyyələr verilib, iştirakçılara isə kitablar hədiyyə edilib.