ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzi TKT imtahanına dair məlumat sessiyası keçirib
Bakı, 25 iyun, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi beynəlxalq əməkdaşlarından biri olan “Cambridge Assessment English” qurumu ilə birlikdə iyunun 25-də ingilis dili müəllimləri üçün dünyanın bir çox ölkələrində tanınan TKT kvalifikasiyalarına dair “Prove Your Teaching Knowledge with TKT” adlı onlayn məlumat sessiyası keçirib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, sessiyanın spikeri, “Cambridge Assessment English”in Ukrayna, Qafqaz və Mərkəzi Asiya regionları üzrə Biznesin inkişafı departamentinin baş meneceri Darina Sizuk TKT imtahanı, hazırlıq prosesi, TKT-nin mövcud 3 əsas, 2 ixtisaslaşma modulu arasındakı fərq, ödənişsiz resurslar və bu imtahanın üstünlükləri barədə iştirakçılara ətraflı məlumat verib. Tədbir interaktiv formatda keçirilib və sessiya iştirakçıların suallarının cavablandırması ilə yekunlaşıb.
“Zoom” platforması üzərindən ingilis dilində keçirilmiş tədbirdə 57 nəfər iştirak edib.
Qeyd edək ki, TKT ingilis dili müəllimləri üçün beynəlxalq səviyyədə tanınan müəllimlik kvalifikasiyasıdır. Pedaqoji təcrübəsindən asılı olmayaraq bütün müəllimlər bu imtahanı verə, peşəkar bilik və bacarıqlarını beynəlxalq səviyyədə qiymətləndirə və təsdiq edə bilərlər.
TKT kvalifikasiyalarını əldə etmək istəyən şəxslər avqustun 23-də DİM-in keçirəcəyi imtahanda iştirak edə bilərlər. İmtahanda iştirak etmək üçün DİM-in rəsmi saytının müvafiq bölməsində qeydiyyatdan keçmək lazımdır. İmtahanın son qeydiyyat tarixi 8 iyuldur.
DİM-in keçirdiyi beynəlxalq imtahanlarla bağlı Mərkəzin saytında yerləşdirilmiş keçiddən istifadə edərək ətraflı məlumat əldə etmək olar.