REGİONLAR
Dövlət İmtahan Mərkəzi Xızıda yeni qəbul qaydaları ilə əlaqədar seminarlar təşkil edib VİDEO
Xızı, 16 noyabr, Elxan Yusifli, AZƏRTAC
Noyabrın 16-da Xızıda Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən elmi-metodiki seminarlarda yeni qəbul qaydaları müzakirə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, plenar iclasda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanının nəticələrinin regional təhlili ilə bağlı təqdimatla çıxış edib və bu sahədə aparılan işlər haqqında ətraflı məlumat verib.
Seminarlarda Sumqayıt Şəhər Təhsil İdarəsinin, Abşeron, Xızı, Siyəzən, Qubadlı, Zəngilan və Şuşa təhsil şöbəsinin nümayəndələri, ümumtəhsil müəssisələrinin müəllimləri və metodistlər iştirak ediblər.
DİM Direktorlar Şurasının sədri M.Abbaszadə seminar iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Daha sonra müzakirələr riyaziyyat və fizika dili fənləri üzrə davam etdirilib.
Riyaziyyat fənni üzrə seminarda DİM-in şöbə müdiri Afiqə Batıyeva və sektor müdiri Aydın Qasımov ali təhsil müəssisələrinə qəbul imtahanlarında tətbiqi nəzərdə tutulan yeni qəbul modeli, eləcə də qəbul imtahanı proqramı, tapşırıq nümunələri və qiymətləndirmə meyarlarını təqdim edərək, ətraflı məlumat veriblər.
Fizika fənni üzrə seminarda Bakı Modern Təhsil Kompleksinin müəllim Əlövsət Rəcəbli qəbul imtahanı proqramı, tapşırıq nümunələri və qiymətləndirmə meyarları haqqında təqdimatla çıxış edib.
Təqdimatlar ətrafında müzakirələr aparılıb, DİM-in əməkdaşları və fənlər üzrə ekspertlər tərəfindən suallar cavablandırılıb.