ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzi abituriyent və subbakalavrlara müraciət edib

Bakı, 25 sentyabr, AZƏRTAC 

Qəbul qaydalarına əsasən, orta ixtisas təhsili pilləsi üzrə “subbakalavr” peşə-ixtisas dərəcəsi almış şəxslər qəbul imtahanında iştirak etmədən ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq hüququna malikdirlər.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, subbakalavrlar yalnız orta ixtisas təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları seçə bilirlər. İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin qəbul planı çərçivəsində əvvəlcə abituriyentlərin, bundan sonra isə boş plan yeri qalarsa, subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır.

Burada eyni bir yerə iddia edən iki və daha artıq subbakalavrı fərqləndirmək məqsədilə əvvəlcə orta ixtisas təhsili pilləsi üzrə ümumi orta müvəffəqiyyət göstəricisi, bu göstərici də eyni olduğu təqdirdə attestata fənlər üzrə yazılmış yekun qiymətlərin ədədi ortası nəzərə alınır.

Müsabiqənin nəticələri elan olunarkən DİM tərəfindən abituriyentə təqdim olunan arayışda onun ərizəsində qeyd etdiyi ixtisaslara qəbul üzrə minimal keçid balları da əksini tapır. Minimal keçid balları “Abituriyent” jurnalının 7-ci sayında da təqdim olunur. Burada hər hansı bir ixtisasa abituriyentlərlə yanaşı, subbakalavrlar da qəbul olubsa, keçid balı kimi ən aşağı göstəriciyə malik subbakalavrın kollec təhsili üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (balı) də qeyd olunur. Yəni yuxarıdakı qaydaya uyğun olaraq (eyni bir yerə iddia edən iki və daha artıq subbakalavrı fərqləndirmək məqsədilə orta ixtisas təhsili pilləsi üzrə ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınır) hər hansı bir ixtisasa ən aşağı balla qəbul olunan subbakalavrın ümumi orta müvəffəqiyyət göstəricisi də göstərilir.

Sosial şəbəkələrdə və müəyyən xəbər saytlarında süni diqqət toplamaq üçün subbakalavrların ümumi orta müvəffəqiyyət göstəriciləri qəbul imtahanından toplanılan bal kimi qeyd olunub və bu da bəzi ixtisaslara keçid balları ilə bağlı yanlış təəssüratın yaranmasına səbəb olub.

Qeyd edək ki, subbakalavrlar qəbul imtahanında iştirak etmədən müsabiqəyə qoşulurlar və hər hansı bir ixtisasa subbakalavr qəbul olubsa, həmin ixtisas üzrə keçid balı kimi göstərilən bal qəbul imtahanı balı deyil, subbakalavrın kollec təhsili üzrə ümumi orta müvəffəqiyyət göstəricisidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.