ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzi daxili nəzarət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı seminar keçirib

Bakı, 28 iyun, M.Dadaşov, AZƏRTAC 

İyunun 28-də Dövlət İmtahan Mərkəzinin (DİM) təşkilatçılığı ilə Avropa İttifaqı ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının birgə təşəbbüsü olan “SIGMA” (Rəhbərlik və İdarəetmədə Təkmilləşdirməyə Dəstək) proqramı çərçivəsində “Dövlət orqanlarında daxili nəzarət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda növbəti seminar keçirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, seminarda Azərbaycanın dövlət orqanlarında daxili nəzarət funksiyalarını yerinə yetirən struktur bölmələrin nümayəndələri iştirak ediblər.

Tədbirdə DİM Direktorlar Şurasının sədrinin müavini Bəhram Xəlilov “SIGMA” proqramı çərçivəsində həyata keçirilən uğurlu əməkdaşlıqdan danışıb. O deyib: “Daxili nəzarət qurumlarını dövlət orqanların səmərəli fəaliyyətində, dövlət qulluqçularının etik davranışında, korrupsiya hüquqpozmalarının qarşısının alınmasında və vətəndaşlara daha keyfiyyətli xidmətlərin göstərilməsində ən vacib struktur bölmələrdən biri hesab etmək olar”.

“SIGMA” proqramının ekspertləri Kaido Paabusk və Dorota Rosinska Azərbaycanda bu layihənin daxili nəzarət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsinə töhfə verəcəyinə ümidvar olduqlarını bildiriblər. Vurğulanıb ki, gələcəkdə DİM ilə birgə digər layihələrin davam etdirilməsi istiqamətində danışıqlar aparılır.

Sonra ekspertlər tərəfindən ilk seminarda təqdim edilmiş əsas anlayışlar (daxili nəzarət sisteminin alətləri, risklərin idarə edilməsi, vahid nəzarət funksiyası, nəzarət fəaliyyətində insan resurslarının rolu, Aİ-də daxili nəzarət, Aİ ölkələrində nəzarət və audit funksiyaları) barədə məlumatlar yenidən nəzərdən keçirilib. Həmçinin dövlət idarəçiliyində nəzarətin standartları, ümumi nəzarət funksiyalarının yerinə yetirilməsinin əsas prinsipləri, qaydalar və meyarlar, institusional nəzarət proseduraları və mərhələləri, keyfiyyətin təmini, nəzarət fəaliyyəti ilə məşğul olan bölmələrdə insan resurslarının idarə edilməsi və kompetensiya modeli barədə təqdimatlar keçirilib.

Sonda tədbir iştirakçıları qrup şəklində Azərbaycanın dövlət qurumlarında daxili nəzarət sistemindəki mövcud problemlər barədə müzakirələr aparıb, təqdim edilən tapşırıqlar yerinə yetirilib, sistemin daha da təkmilləşdirilməsi üçün təkliflər səsləndirilib.

Qeyd edək ki, 1992-ci ildə təsis edilən “SIGMA” proqramı əsasən Aİ-nin maliyyə dəstəyi ilə həyata keçirilir. Proqram çeviklik və tələbyönümlülük prinsipinə əsaslanaraq ölkələrə idarəetmədə və inzibati sistemlərin yaradılmasında kömək göstərir. “SIGMA” proqramının əsas vəzifələrindən biri benefisiar ölkənin müraciətinə uyğun olaraq dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində dəstək göstərməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.