ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzi müsahibənin keçirilmə qaydalarına dair təlimlər təşkil edib
Bakı, 22 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşları tərəfindən “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda təlimlər təşkil olunub.
DİM-dən AZƏRTAC-a bildirilib ki, təlimlərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları iştirak ediblər.
Təlimlərdə iştirakçılara müsahibə üçün xarakterik olan xüsusiyyətlər, müsahibənin məqsədi, müsahibəyə hazırlıq, müsahibəyə giriş, namizədin biliyinin qiymətləndirilməsi üzrə tələb olunan bacarıqlar, müsahibənin strukturu, keçirilmə qaydaları, namizədin qiymətləndirilmə meyarları haqqında ətraflı məlumat verilib. Eyni zamanda, müsahibə komissiyasının reqlamenti, o cümlədən müsahibə komissiyası tərkibinin formalaşdırılması, müsahibənin təşkili və keçirilməsi ilə bağlı normativ hüquqi aktların tələbləri barədə iştirakçılar məlumatlandırılıb. Bununla yanaşı, təlimlərdə dövlət qulluğu vəzifələri üzrə vəzifə təlimatlarının və müsahibə proqramlarının qanunvericiliyin tələblərinə uyğun hazırlanması və müvafiq məlumatların elektron sistemə daxil edilməsi, dövlət orqanlarında vakant vəzifələrin elana çıxarılması qaydası, müsahibədə uğur qazanmış namizədlərin vəzifəyə təyinat prosesi, həmçinin müsahibə nəticəsindən apellyasiya şikayətinin verilməsi proseduru haqqında təqdimat olub.
Təlimlərin sonunda iştirakçıların sualları cavablandırılıb.