ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunmuş müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilib
Bakı, 12 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 4-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, elan üzrə 15 dövlət orqanında olan inzibati dövlət qulluğu vəzifələrinə aid 308 (A növü üzrə 26 vəzifə, B növü üzrə 282 vəzifə) vakant vəzifə müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 472 namizədlə 996 müsahibənin keçirilməsi planlaşdırılır.
Ən yüksək müsabiqə vəziyyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ictimaiyyətlə əlaqələr və vətəndaş qəbulu şöbəsində məsləhətçi (1 vakant yer üzrə 44 namizəd), Dövlət Mülki Aviasiya Agentliyinin inzibati sektorunda aparıcı məsləhətçi (1 vakant yer üzrə 77 namizəd), Dövlət Avtomobil Nəqliyyatı Xidmətində məsləhətçi (1 vakant yer üzrə 64 namizəd) vəzifələri üzrə qeydə alınıb.
Müsahibələrin fevralın 18-dən aprelin 4-dək keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytında əldə edə bilərlər.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul olunmur, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində öz adınızı seçib açılan müraciət formasında "İMTİNA" düyməsini sıxmaq lazımdır.
Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.