ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzi tərəfindən fənlər üzrə hazırlıq kurslarının məşğələləri onlayn formatda davam etdiriləcək
Bakı, 7 may, AZƏRTAC
Mayın 8-də və 11-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların yoxlanılmasına dair hazırlıq kurslarının rus dili fənni üzrə ilk məşğələsi, Azərbaycan dili və fizika fənləri üzrə isə növbəti məşğələləri keçiriləcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, COVID-19 pandemiyası ilə bağlı ölkədə tətbiq edilən karantin qaydaları nəzərə alınaraq hazırlıq kursları “Zoom” platforması üzərindən onlayn həyata keçiriləcək.
Kurslarda Bakı, Gəncə, Şəki, Şirvan, Göyçay, Xaçmaz və Naxçıvan üzrə DİM-də elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji profilli fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak edəcəklər.
Rus dili fənni üzrə fənn kurikulumunun strukturu, mahiyyəti, məzmun standartları, qiymətləndirmə tapşırıqlarının hazırlanmasına verilən tələblər haqqında təqdimat ediləcək.
Azərbaycan dili və fizika fənləri üzrə məşğələdə isə iştirakçıların hazırladıqları ev tapşırıqları ilə bağlı müzakirələr aparılacaq.