ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzi tərəfindən fənlər üzrə növbəti elmi-metodik seminarlar keçirilib
Bakı, 14 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Azərbaycan dili, ingilis dili, kimya, fizika, rus dili, biologiya, tarix, coğrafiya və riyaziyyat fənləri üzrə növbəti elmi-metodik seminarlar keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan dili fənni üzrə seminarda DİM-in hazırladığı “Azərbaycan dili – 5”, rus dili fənni üzrə seminarda “Russkiy yazık – 5” yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları və test tapşırıqları kitabçasının elmi-metodik baxımdan müzakirəsi aparılıb.
Seminarlarda 9-cu sinif “Fizika”, 11-ci sinif “Biologiya”, 6-11-ci siniflər üçün “Tarix” və “Coğrafiya” (6-11-ci sinif dərslikləri üzrə “Hidrosfer” bölməsi) dərslikləri məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat baxımından müzakirə edilib.
Müzakirələr nəticəsində dərsliklərdəki mübahisəli məqamlar, üst-üstə düşməyən faktlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələr hazırlanması, onların test bankının təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərar qəbul edilib. Hazırlanacaq tövsiyələr xidməti istifadə üçün müvafiq şöbələrə təqdim ediləcək.
İngilis dili fənni üzrə seminarda “Designing test items” adlı təqdimat müzakirə edilib. Kimya fənni üzrə seminar yeni tipli tapşırıqların hazırlanması və tapşırıqların qiymətləndirmə meyarları haqqında olub. Riyaziyyat fənni üzrə seminarda “Açıq sualların tərtibi və meyarların beynəlxalq standartlara uyğunlaşdırılması” adlı təqdimata dair müzakirələr aparılıb.
Seminarlarda Bakı, Xırdalan, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahələr üzrə mütəxəssisləri iştirak ediblər.
Növbəti seminarlarda müzakirələr davam etdiriləcək.