ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzi və DAAD-ın Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq layihəsi uğurla başa çatıb
Bakı, 2 aprel, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) və DAAD-ın Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq layihəsi uğurla tamamlanıb.
DİM-dən AZƏRTAC-a bildirilib ki, “Alman dili üzrə qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində təşkil olunan təlim proqramı 10 sessiyadan ibarət olmaqla fevralın 24–dən aprelin 1-dək olan dövrü əhatə edib.
Dövlət İmtahan Mərkəzi DAAD-ın Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə sözügedən layihə çərçivəsində onlayn təlim proqramını uğurla tamamlayıb. Təlimə müxtəlif orta və ali təhsil müəssisələrinin alman dili müəllimləri cəlb edilib. Təlim iştirakçıları müsabiqə yolu ilə seçilib və təlimi uğurla tamamlayan iştirakçılarla DİM alman dili üzrə yoxlama-ölçmə materiallarının hazırlanması istiqamətində əməkdaşlıq edəcək.
Təlim proqramının iştirakçıları aşağıda qeyd olunan mövzulara dair bilik və bacarıqlar əldə ediblər:
-Dil bacarıqlarının qiymətləndirilməsində nəzəri anlayışlar;
-Dillər üzrə Ümumavropa çərçivə sənədinin (CEFR) dil bacarıqlarının qiymətləndirilməsinə tətbiqi;
-Qrammatikanın və lüğət bazasının qiymətləndirilməsi;
-Fərqli CEFR səviyyələri üzrə oxu, dinləmə, yazı və şifahi nitqin qiymətləndirilməsi.
“Alman dili üzrə qiymətləndirilmə alətlərinin təkmilləşdirilməsi” layihəsi üzrə təlimçi dilin qiymətləndirilməsi üzrə mütəxəssis, Almaniyanın Rur Universitetinin müəllimi Anna Soltyska olub.