ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzində “GRE: General Test” imtahanı təşkil ediləcək
Bakı, 7 sentyabr, AZƏRTAC
ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) kompüter əsaslı “GRE: General Test” imtahanı sentyabrın 8-i Dövlət İmtahan Mərkəzinin Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, imtahan saat 10:00-da başlanır. İmtahanda iştirak edəcək şəxslər saat 9:30-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə imtahan binasında olmalıdırlar.
İştirakçılar imtahana gələrkən yuxarıdakı sənədlə yanaşı, “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edib gətirməlidirlər. Sənəd iştirakçı tərəfindən imzalanır.
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün prosesboyu (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) istifadə olunmalıdır.
“GRE: General Test” imtahanı haqqında ümumi məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçün http://dim.gov.az/activities/exams/gre/ linkinə daxil olmaq lazımdır.