ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzində müxtəlif fənlər üzrə hazırlıq kursları keçirilib

Bakı, 25 yanvar, AZƏRTAC

Dövlət İmtahan Mərkəzində (DİM) Azərbaycan dili, ingilis dili, riyaziyyat və rus dili fənlərindən buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına dair hazırlıq kursları keçirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, COVID-19 pandemiyası ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejiminin qaydaları nəzərə alınaraq hazırlıq kursu “Zoom” platforması üzərindən həyata keçirilib.

Hazırlıq kursunda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqojiyönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsilalan sonuncu kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər iştirak ediblər.

DİM-in şöbə müdiri Afiqə Batıyeva hazırlıq kursunun planı haqqında məlumat verib. Bildirilib ki, ikiaylıq kurs materialının nəzəri hissəsi mövcud şəraitə görə 2 gün ərzində onlayn qaydada keçiriləcək. Sonra iştirakçılar ev tapşırıqlarını bir ay müddətində internet vasitəsilə onlara təqdim edilən elektron ünvana göndərəcək. Kalibrləmə prosesindən keçmək üçün isə Bakı şəhərindən olan iştirakçıların DİM-in Abdulvahab Salamzadə 28 ünvanında yerləşən binasına, regionlarda yaşayan iştirakçıların isə yaşadığı əraziyə ən yaxın DİM-in regional bölmələrinə yaxınlaşaraq yoxlama prosesi ilə tanış olacaqlar.

Hazırlıq kurslarında Azərbaycan dili fənni üzrə moderator Saməddin İbrahimov, ingilis dili fənni üzrə moderator Nərminə Əliyeva, riyaziyyat fənni üzrə moderator Aqşin Abdullayev, rus dili fənni üzrə moderator Viktoriya Ələkbərova müvafiq fənn kurikulumunun mahiyyəti, məzmunu haqqında və imtahanlarda mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlar, onları reallaşdıran mövzular, qiymətləndirmə vasitələrinin formaları, məzmunu və qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı təqdimatla çıxış ediblər.

Kursun sonunda müdavimlərin şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək. Onlara DİM-in sertifikatı veriləcək. Gələcəkdə sertifikat almış şəxslər DİM-lə əməkdaşlığa cəlb ediləcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.